AMEA  GƏNCƏ  BÖLMƏSİNİN  RƏYASƏT HEYƏTİNİN  NÖVBƏTİ  İCLASI 
Elm və təhsil

AMEA  GƏNCƏ  BÖLMƏSİNİN  RƏYASƏT HEYƏTİNİN  NÖVBƏTİ  İCLASI 

AMEA  Gəncə  Bölməsinin Rəyasət Heyətinin növbəti  iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmələri yüksək tarixi hadisə kimi  dəyərləndirilib.   

Ölkə Prezidenti İlham Əliyevin Türkiyə  Prezidenti  Rəcəb Tayyib  Ərdoğanla Şuşa görüşündə Bəyannamənin qəbul edilməsi və Füzuli Beynəlxalq Hava Limanının açılışını qeyd etmələrinin əhəmiyyəti qeyd edilib.

Beynəlxalq hava limanının 8 ay ərzində iki qardaş dövlət tərəfindən müasir tələblərə cavab verən texnologiyalar əsasında inşa edilməsi bütün dövlətləri heyran etməklə yanaşı, Qarabağın sürətli inkişafından, cənab Prezidentin qeyd etdiyi kimi, ağıllı şəhərlərin, kəndlərin təməlinin qoyulmasından xəbər verir.

Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd  avtomobil yolunun  təməlqoyma mərasimi nəinki ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi  həyatında, həmçinin Avropa ilə Asiya arasında mühüm iqtisadi əlaqələrin yaranmasına səbəb olacaqdır.

İqtisadiyyat  və siyasət   müxtəlif sahələri əhatə etsə də, hər ikisi qoşa qanad kimi vəhdət təşkil etdikdə inkişafın möhkəm təməlinə çevrilir və dövlətlərin tərəqqisinə səbəb olur.

Həyata keçirilən bu tarixi məqamların böyük elmi arayışların mənbəyi kimi tədqiqata cəlb olunması, bu mühüm qərarların nəinki ölkəmizin, ümumən Türk dünyasının tərəqqisindəki əhəmiyyəti alimlərimiz tərəfindən əvvəlcədən araşdırılıb tədqiq edilmişdir.

Professor  Həsənbala  Sadıqov  hər iki ölkə başçısının  görüşləri, orada  müzakirə olunan  məsələlər, onların tarixi əhəmiyyəti  haqqında  məlumat verdi.   

Rəyasət Heyətinin gündəliyindəki növbəti məsələlərdən biri, AMEA-nın İnformasiya  Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda keçiriləcək onlayn  “Beynəlxalq Sülh naminə Kibertəhlükəsizlik”  konfrans haqqında  iştirakçılara məlumat verildi.

Rəyasət Heyətinin iclasında Nizami Gəncəvinin 880  illik yubileyi  münasibətilə bölmədə aparılan elmi-tədqiqat işlərinin yekun nəticəsi olaraq səkkiz yeni monoqrafiyanın: Əlimuxtar Muxtarov. “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”, Məmməd Ələkbərov  “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, “M.Naci. Seçilmiş əsərləri”, Xəlil Yusifli  “Nizami lirikası və ...”,  Xəlil Yusifli, Samir Pişnamazzadə, Elnur Həsənov. “Nizami Gəncəvinin şəcərə tarixi”, Rauf İsmayılzadə  “Nizaminin musiqi dünyası”, Sevda Qurbanəliyeva “Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü”,  A.Bayramova, R. Şeyxzamanlı “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” nəşr olunduğu qeyd edildi. Monoqrafiyaların qısa xülasələri haqqında elmi katiblər --Sara Əzizova və Mətanət Əliyeva,  elmi işçi Təranə Verdiyeva, fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqaları çıxış edərək  fikir və təkliflərini söylədilər.      

İclasda  bölmənin Nəbatat bağının şöbə müdiri, biologiya elmləri  doktoru Aynur Bayramova  şəhərimizin elm ictimaiyyətini təbrik edərək pedaqogika elm sahəsi  üzrə  nəşr olunan  “Xəbərlər  məcmuəsi”nin ilk nömrəsini təqdim etdi.

                                                                            Vaqif TANRIVERDİYEV.