Amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
Mədəniyyət

Amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib

Avqustun 4-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsəri ilə bağlı fikirlər səsləndirilib. “Xarıbülbül” musiqi əsərinin müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Tural Məmmədlidir.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, Della Miles Mədəniyyət Nazirliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdədir. Səfərin məqsədi 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunmuş Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməkdir.

Layihədə iştirak edən xanəndə Qoçaq Əsgərov bildirib ki, Della Miles Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu dünya mətbuatında səsləndirir və bu yolla dünya ictimaiyyəti Ermənistanın təxribatçı bir ölkə olduğunu görür. Bildirib ki, yaxınlarda “Xarıbülbül” mahnısını duet şəklində ifa edib, ancaq mahnı hələ ki, hazırlıq mərhələsindədir.

Azərbaycandan məmnun qaldığını deyən Della Miles söyləyib ki, dəfələrlə xarici ölkələrdə səfərdə olarkən dərisinin rənginə görə ayrı-seçkilik yaşayıb. Ancaq Azərbaycan tamamilə fərqli bir ölkədir. Burada irqçilik yoxdur, din bərabərliyi var. Qeyd edib ki, layihəyə dəvət olunanda Qarabağın tarixini oxumalı olub və bu torpaq haqqında mübarizənin səbəbini öyrənib. “Xarıbülbül” mahnısını oxumaqla mən özümü bir növ döyüşçü kimi hiss etdim”, - deyə Della Miles bildirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid vurğulayıb  ki, Della Milesin haqqın tərəfində olması bu musiqidə də əks olunur. Qeyd edib ki, Şuşa musiqiçilər diyarıdır və oraya səfər etmək növbəti mahnının yaranmasına bir stimul olacaq.

Bildirib ki, Qoçaq Əsgərov gənc olmasına baxmayaraq, Azərbaycan musiqisini dünyaya daşıyan azsaylı insanlardan biridir. “Xarıbülbül” mahnısının bəstəkarı Tural Məmmədli, onu ifa edən Della Miles və Qoçaq Əsgərov cütlüyünün əməyi uğurlu alınıb”, - deyə R.Məcid vurğulayıb.

Sonra xanəndə Qoçaq Əsgərov və Della Miles birlikdə oxuduqları mahnıdan bir parça səsləndiriblər.

Xatırladaq ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb. Amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Maykl Ceksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məşhurlaşan Miles sonralar Maykl Cekson və Uitni Hyuston başda olmaqla, bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.

AZƏRTAC