Amnistiya aktının icrası ilə bağlı Baş Prokurorluqda brifinq keçirilib
Digər xəbərlər

Amnistiya aktının icrası ilə bağlı Baş Prokurorluqda brifinq keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında noyabrın 5-də Milli Məclis tərəfindən qəbul olunan "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın prokurorluq orqanları tərəfindən icrasına dair dekabrın 6-da Baş Prokurorluqda brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə və Baş prokurorun böyük köməkçisi Mahir Abbasov iştirak ediblər.

Brifinqdə çıxış edən Elnur Musayev amnistiya aktının tətbiqində prokurorluğun rolu, aidiyyəti dövlət qurumlarının qəbul etdiyi qərarların prokurorla razılaşdırılması proseduru və məhkəmə baxışlarında prokurorun iştirakı barədə məlumat verib.

Tədbirdə amnistiya aktının tətbiq olunduğu bir ay müddətində aidiyyəti qurumlar tərəfindən təhqiqat, istintaq, məhkəmə baxışı və cəzaların icrası mərhələsində cinayət törətmiş və cinayətin törədilməsinə görə məhkum edilmiş şəxslərin ümumi sayı, şəxslərin cinsi və yaş qrupları üzrə, həmçinin cinayətlərin təsnifatı üzrə statistik məlumatlar diqqətə çatdırılıb.

Bildirilib ki, indiyədək ümumilikdə 3600-dən çox şəxs barəsində amnistiya aktı tətbiq olunub. Həmin şəxslərin 85 faizi məhkumlar olub. Amnistiya aktının tətbiq olunduğu şəxslərin 94 faizi kişi, 6 faizi isə qadındır. İndiyədək 1921 şəxs barəsində cəzaçəkmə müəssisələri, 1381 şəxs barəsində probasiya orqanları tərəfindən, həmçinin 400-dən çox məhkəmə qərarı qəbul edilib. Amnistiya aktının 58 faizi Bakı şəhərində, qalan hissəsi ilə rayonlarda yerləşən qurumlar tərəfindən tətbiq olunub.

Eyni zamanda, qeyd edilib ki, amnistiya aktını qadınlar barəsində ən çox tətbiq edən orqan probasiya qurumları olduğu halda, kişilər barəsində bunu cəzaçəkmə müəssisələri ediblər. Kişilər arasında 31-40, qadınlar kateqoriyasında isə 41-50 yaş qrupları üstünlük təşkil edir. Amnistiya aktının tətbiq olunduğu şəxslər arasında üstünlüyü mülkiyyət əleyhinə (27,1 faiz) və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət (26,03 faiz) törətmiş şəxslər təşkil edirlər. Həmçinin qeyd olunub ki, amnistiya aktı indiyədək 16 əcnəbi vətəndaşa tətbiq edilib. Onların 8-i Gürcüstan, 2-si Türkiyə, 1-i Rusiya, 1-i Ukrayna, 4-ü isə İran vətəndaşıdır.

Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

AZƏRTAC