Sosial həyat

"Ana, şəhid olsam mənimlə fəxr et"

"Ana, mən şəhid olsam belə mənimlə fəxr et". Bu, şəhid Sənan Şahin oğlu Abdullayevin  anasına  dediyi son sözləridir. Mən də oğlumla fəxr edirəm, - deyə Sənanın anası Gülbəniz xanım qürurla söyləyir. Sənan 1998-ci il noyabrın 1-də Bakıda anadan olub. Abdullayevlər ailəsinin 3 övladından ən kiçiyi olan Sənan 2005-ci ildən Nərimanov rayonundakı 37 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Güləş, boks və qaydasız döyüşlə məşğul olan Sənan təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin “N” saylı hərbi hissəsinin “Kəşfiyyat” briqadasında, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub.

Hərbi xidmətdə olarkən peşəkar kəşfiyyatçı kimi yetişib. Xidmətdən qayıtdıqdan sonra Bakıdakı kitab mağazalarından birində satıcı kimi çalışan qəhrəmanımız sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb.

Əslən Zəngilan rayonunun Ağbiz kəndindən olan valideynləri Şahin Abdullayev və Gülbəniz Abdullayeva şəhidimizi vətənpərvər, qorxmaz və cəsur bir övlad kimi xatırlayırlar: “Sənan körpəliyindən ağıllı oğlan olub. O, uşaqlıqdan qabiliyyətli, mərifətli və sözəbaxan oğul idi. Sənan həm də idmançı idi. Vətənpərvərlik onun öz daxilindən gəlirdi. O, uşaq vaxtlarında deyirdi ki, böyüyüb əsgər olacağam və Vətənimizi düşmənlərdən azad edəcəyəm. Sənanda bu istək körpəliyindən var idi”.

 “Bizə heç nə demədən gedib Səfərbərlik Xidmətində qeydiyyatdan keçib. Bizim də heç nədən xəbərimiz yox idi. Bir neçə gündən sonra qardaşı dedi ki, ana, bəs Sənan orduya könüllü yazılıb. Mən də anayam. Qayıtdım ki, sən bilirsən, ora ölümdür. Onda Sənan dedi ki, olsun, ana.  Şəhid olanlar məndən artıqdır? Dedi, mən gedəcəyəm. Dedim ki, yolun açıq olsun, oğul”, - Sənanın anası bildirir.

Sənanın atası, keçmiş döyüşçü Şahin Abdullayev bildirir ki, Birinci Qarabağ müharibəsi zamanı qardaşı Eynur Abdullayev də Zəngilan rayonu uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Həm şəhid qardaşıyam, həm də şəhid atası. Oğlum  Sənan Zəngilanda bayraq dalğalandırmağı çox istəyirdi. Deyirdi ki, "ata, mən kəndimizdən sizə zəng edəcəyəm", halbuki oğlum heç vaxt Zəngilanı görməyib. O, Bakıda doğulub boya-başa çatmışdı.

Nənəsi İnnab Abdullayeva deyir ki, Sənanı Vətən çəkib apardı: “Sənan demişdi ki, heç kəs məni dayandıra bilməz, çünki Vətən düşmən tapdağındadır. Sənan son sözündə nənə, arxayın ol, “qələbə ilə dönəcəyəm” demişdi”.

2020-ci il  oktyabrın 5-də Sənan Füzuli rayonunun Seyidəhmədli kəndində şəhid olsa da, onun ailə üzvləri uzun müddət bu hadisədən məlumatsız olublar. Şəhidin böyük qardaşı Ceyhun Abdullayev söyləyir ki, meyiti tapılana qədər hamısı onun sağ olduğuna inanıb. Sənanın nəşi isə noyabrın 1-də, elə doğulduğu gündə tapılıb və ailəsinə təqdim olunub: “Balacalıqdan ancaq döyüş istəyirdi. Deyirdi, gedəcəyəm, işğal altında olan torpaqlarımızı azad edəcəyəm. General Polad Həşimov şəhid olanda ona çox pis təsir eləmişdi. Deyirdi ki, Ali Baş Komandan səfərbərlik elan etsin, gedək döyüşək. Elə də oldu. Qismən səfərbərlik elan olunanda ilk adını yazdıranlardan biri də qardaşım oldu”.

 Kəşfiyyatçı Sənan Abdullayev cəbhənin Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda döyüşçü yoldaşları ilə birlikdə bir gün ərzində üç düşmən postunu ələ keçirib. Həmin döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən 22 yaşlı Sənan düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Döyüşlərə yollanarkən yaşadığı məhəlləyə Azərbaycan bayrağı sancan Sənan Abdullayev II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

2020-ci il oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini və onun kəndlərini işğaldan azad etdi. Bununla da şəhid Sənan Şahin oğlu Abdullayevin ruhu rahatlıq tapdı. Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi. Bu haqq savaşında qələbə qazandığımıza görə şəhidlərimizə və qazilərimizə borcluyuq.

M.MİRZƏ,

“Respublika”.