Anadolu Agentliyi: Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını dəstəklədiklərini bildirdi
SİYASƏT

Anadolu Agentliyi: Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını dəstəklədiklərini bildirdi

Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi başda olmaqla qardaş ölkə mediası Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfərini, eləcə də Bakıda keçirilən sözügedən konfransda iştirakını və dərin məzmunlu nitqlərini geniş işıqlandırıb.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransına dair müxtəlif xəbərlər yayan Anadolu Agentliyinin təqdim etdiyi "Əliyev, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını dəstəklədiklərini söylədi" sərlövhəli materialda diqqətə çatdırıb ki, BMT və ATƏT-in fəaliyyətini tənqid edən Azərbaycan dövlət başçısı deyib: "...Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi, həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.

Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır".

Aşqabadda iyunun 29-da keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı barədə türkdilli ictimaiyyəti geniş məlumatlandıran Anadolu Agentliyi dövlətimizin başçısının nitqindən mühüm məqamları "Azərbaycan Prezidenti Əliyev: Zəngəzur dəhlizi artıq reallığa çevrilir" sərlövhəli informasiya şəklində təqdim edib.

Agentlik, həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Azərbaycana səfəri çərçivəsində dövlətimizin başçısı tərəfindən səmimi qəbul edilməsinə dair məlumat da yayıb.

AZƏRTAC