Analar su səpir siz gedən yola...
Sosial həyat

Analar su səpir siz gedən yola...

Hacıqabul rayonunun Şorbaçı kəndi Şirvan şəhərinə yaxın  ərazidə yerləşir. Rayon mərkəzi kənddən aralı olduğundan buranın adamları Şirvan şəhərindəki dükan-bazara gəlir, əksər hallarda iş yerlərini də Şirvanda tapırlar. Şorbaçı kənd məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyən Nüsrət eyni zamanda hərbi dərsləri də tədris edirdi. Ailə böyük idi: evdə 4 oğlan, 2 qız böyüyürdü. Balacalar dərsə ciddi  fikir verir, öz bilik və bacarıqları ilə məktəbdə fərqlənirdilər. Ailənin üçüncü övladı Ruslan həm də əsgər həyatına, hərbi işə meyilli idi. Nüsrət müəllim evdə olmayanda atasının hərbi paltarını geyinir, evdə əsgəri addımlarla addımlayır, bacı-qardaşlarına əsgər salamı verir, hərbçiləri yamsılayırdı.

Altı uşaq böyüyən evdə ailənin rahat həyatı uzun sürmədi. Nüsrət müəllim  cavan yaşda ikən  dünyasını tərk elədi. Ailənin qayğılarını Fatmaxanım zərif çiyinlərində daşımalı oldu. Evdə ciddi nizam-intizam yarandı. Uşaqların hamısı öz gələcək talelərini özləri həll etməli oldular. Ruslanın seçimi isə qəti idi: hərbçi olacaqdı. Orta məktəbi bitirəndən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hacıqabul rayon şöbəsinin çağırışı ilə hərbi xidmətə yollandı. Daxili qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra ehtiyata buraxıldı. Evə döndükdən sonra 2004-2009-cu illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil aldı.

Bu illər ərzində hərbçi olmaq, zabit ömrü yaşamaq  arzusu bir an da olsun Ruslanın xəyallarını tərk eləmədi. 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şirvan şəhər şöbəsinə müraciət etdi. Həmin ildən Ağcabədi rayonundakı “N” saylı hərbi hissədə sürücü-elektrik vəzifəsində xidmətə başladı. 2016-cı ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Ehtiyat Zabit hazırlığı kursunu bitirdi. Əvvəlcə leytenant, sonra baş leytenant hərbi rütbəsini aldı. 2016-cı ildən Tərtər və Goranboy “N” saylı hərbi hissəsində motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri hərbi vəzifələrini daşıdı. Hərbi xidmətdə özünü dözümlü, mətin iradəli zabit kimi göstərdi. Müdafiə Nazirliyi və hərbi hissə rəhbərliyi igid zabitin xidmətini yüksək qiymətləndirdi, “Azərbaycan Ordusunun 100 illiyi” medalına, fəxri fərmanlara layiq görüldü.

2009-cu ilin noyabr ayında ailə həyatı quran Ruslan həm də xoşbəxt ata sevinci yaşayıb. Gənc ailədə 5 uşaq dünyaya gəlib. Fatmaxanım ana deyir:

- Naftalana, Ruslangilin ailəsinə qonaq getmişdim. 10 gün orada qaldım. Ruslan həmişə hərbi təlimlərdə olurdu. Müharibə başlayanda ilk gündən cəbhəyə getdi.

Baş leytenant Ruslan Rüstəmov sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərindən düşmənlə üz-üzə Vətənin müdafiəsində fəal iştirak etdi. Murovdağ yüksəkliyi, Suqovuşan, Talış istiqamətlərində gedən döyüşlərdə iştirak edən Ruslan 2020-ci il oktyabrın 2-də “Ağ Uçuq” deyilən ərazidə qəhrəmancasına şəhid oldu. Canı qədər sevdiyi Vətəninə öz canını qurban verən şəhid oğlumuz böyük izdihamla  doğulub boya-başa çatdığı Şorbaçı kənd qəbiristanlığında dəfn olundu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib vəzifə borcunu yerinə yetirdiyinə görə zabit Ruslan Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Suqovuşanın azad edilməsinə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olundu.

Ruslanın ailəsində 4 qız, 1 oğul böyüyür. Həyat yoldaşı Mehriban xanım ömrün səadət dolu anlarını, günlərini xatırlayıb kövrəlir. Deyir Ruslan evdə hərbi xidmətindən bir kəlmə də danışmazdı. Evdə olanda ancaq uşaqlarla deyib-gülər, onları əyləndirməyə çalışardı. Sonra əlavə edir ki, hərbçinin həyat yoldaşı olmaq həm çətin, həm də qürurvericidir. Ruslanın bacısı Səadət xanım, qardaşları Salman, Rüstəm uşaqlıq illərindən, Ruslanın tez küsüb, tez də barışmağından əhvalatlar yada salırlar. Fatmaxanım ana isə... gözlərini bir nöqtəyə zilləyib susur. Çox güman ki, həmin nöqtədə o, Ruslanın simasını görə bilir, onun xəyalı ilə danışır. Bu yerdə gözəl şairimiz Nüsrət Kəsəmənlinin misraları yada düşür:

Analar su səpir siz gedən yola

Ayaq izləriniz göyərsin deyə...

Tofiq HÜSEYN,

“Respublika”.