ANAMA ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib
Digər xəbərlər

ANAMA ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Sülyemanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Arian Baueri ilə səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçlə nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar görüşüb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı minadan zərərçəkənlərə yardım layihəsi çərçivəsində psixoloji dəstəyin göstərilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində birgə fəaliyyətin icrası barədə müzakirələr aparılıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən Arian Bauer rəhbərlik etdiyi müddətdə qurum tərəfindən humanitar minatəmizləmə sahəsində göstərilən dəstək barədə məlumat verib və bu istiqamətdə atılacaq növbəti addımlarda ona uğurlar arzulayıb.

Draqana Kojiç iki qurum arasında mövcud səmərəli əməkdaşlığın inkişaf edəcəyinə və işğaldan azad edilmiş ərazilərin yaxınlığında yaşayan, eləcə də "Böyük Qayıdış" layihəsi çərçivəsində yurdlarına qayıdacaq əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması sahəsində əlindən gələn dəstəyi göstərəcəyini bildirib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov fəaliyyəti dövründə ANAMA-ya göstərdiyi dəstəyə görə Arian Bauerə təşəkkürünü bildirib və gələcək işlərində ona uğurlar arzulayıb.

AZƏRTAC