ANAMA ilə DGK arasında Anlaşma Memorandumu
Digər xəbərlər

ANAMA ilə DGK arasında Anlaşma Memorandumu

Martın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında ölkədə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimindən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Görüşdə Komitə sədrinin müavinləri, hər iki qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən Agentliyin bu istiqamətdə olan ehtiyacların təmin edilməsinə kömək göstərilməsi, ANAMA tərəfindən Mərkəzin əməkdaşlarına mina partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin, eləcə kinoloji mərkəzin xidməti itlərinə onların bələdçilərinə müvafiq təlimlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

"Respublika".