ANAMA-nın media kampaniyası çərçivəsində görüşlər keçirilib
Region

ANAMA-nın media kampaniyası çərçivəsində görüşlər keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev ilə görüşüblər.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyevanın iştirakı ilə keçirilən görüşdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə fəaliyyətinin genişmiqyaslı icrası ilə bağlı fikir mübadiləsi aparılıb. 

Tədbirdə ANAMA-nın gələcək iş fəaliyyəti, bunun yerli və xarici KİV tərəfindən işıqlandırılması, eləcə də media işçilərinin kontent yaratmaq imkanları və təhlükəsizliyin təmin olunmasına dair müzakirələr edilib.

Müzakirələr çərçivəsində mina və partlamamış hərbi sursat qurbanlarının azalması istiqamətində gələcək addımlar və qarşıdan gələn 2022-ci il üzrə risk və şübhəli məqamlara dair danışıqlar aparılıb.

Görüş zamanı ANAMA-nın media ilə əlaqələrin genişləndirilməsi, zəruri məlumatların vaxtında yayımlanması, digər qurumlar ilə razılıq və uyğunlaşmasının vacibliyi vurğulanıb.

Xatırladaq ki, UNEC Tədqiqat Fondu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin media ilə əlaqələrin qurulması və inkişafı istiqamətində əsas məsləhətçi və maarifləndirmə yönümlü bir qurumdur.

AZƏRTAC