ANAMA Qarabağda minatəmizləmə əməliyyatları üçün nəzərdə tutulan səkkiz ambulansı təhvil alıb
Digər xəbərlər

ANAMA Qarabağda minatəmizləmə əməliyyatları üçün nəzərdə tutulan səkkiz ambulansı təhvil alıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin qalibi olan "Sun Cars" MMC şirkəti tərəfindən ANAMA-ya 10 ədəd tibbi yardım maşınlarının təhvil verilməsi nəzərdə tutulub.

Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan agentlik əməkdaşlarına xidmət edəcək. Səkkiz ədəd ambulans hazırda ANAMA-ya təhvil verilib, növbəti iki ambulans bu il oktyabrın 20-dək işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə olunacaq.

Yeni gətirilən UAZ-396295-550 markalı tibbi yardım nəqliyyat vasitələri (4x4) ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, yorğan, onurğa zədələri üçün xərək, oksigen balonu kimi tibbi avadanlıqlarla təchiz olunub. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin və təcili tibbi yardımın göstərilməsinə imkan verir.

Humanitar minatəmizləmə fəaliyyətində sahə işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələri əməliyyatlar icra edilən sahələrdə vacib amillərdən biridir. Baş verə biləcək travmalar, xəsarətlər zamanı zərərçəkənlərə vaxtlı-vaxtında ilkin tibbi yardım göstərən ANAMA əməkdaşları bədbəxt hadisələr zamanı çevik fəaliyyətin təşkili üzrə bilik və təcrübəyə malikdirlər.

Qeyd edək ki, ANAMA işçilərinin tibbi və fərdi qəza sığortası "PAŞA Sığorta" şirkəti tərəfindən təmin olunur.

AZƏRTAC