Anar Əliyev
Sosial həyat

Anar Əliyev

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Şanlı qələbəni bizə yaşadanlardan biri - Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyev 1980-ci il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Kiçik yaşlarından hərbə böyük marağı olan Anar 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Elə həmin ildən Bakıda yerləşən "N" saylı kəşfiyyat briqadasında leytenant kimi hərbi vəzifəsinə başlamışdır. Sonra xidmətini Salyan rayonunda davam etdirir. Şəhadətə ucalan günə kimi isə 6 il xidmətini Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində davam etdirir.

Anar Əliyev 2008-ci ilin yanvar ayında kapitan, 2012-ci ilin iyununda mayor, 2015-ci ilin iyununda vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alır. 5 dil (Azərbaycan, türk, ingilis, rus, erməni) bilən, səlis və sərbəst danışan Azərbaycan Ordusunun yüksək rütbəli zabiti mütəmadi olaraq xarici ölkələrdə kurslarda, təlimlərdə iştirak edib. 2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərlik Anar Əliyevə tapşırılıb. Həmin təlimdə Azərbaycan birincilik əldə edib.

2014-cü ildə Hərbi Akademiyanı bitirən Anar Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığının sərəncamına göndərilir. Anar "N" saylı hərbi hissənin qərargah rəisi, daha sonra hərbi hissənin komandiri vəzifəsini icra edir. 2018-ci ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak edir və fərqlənir. 2020-ci il iyunun 13-də hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant A.Əliyev bu vəzifəni 2020-ci il oktyabrın 17-dək icra edir.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 gününü Naxçıvanda xidmətdə olmuş, lakin komandanlığa torpaqlarımızın yağı düşməndən azad olunmasında iştirak etmək üçün müraciət edir. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərə qatılır. Qazandığı böyük təcrübə burada köməyinə çatır. Tabeliyində olan əsgərlərə qısa müddətdə uğurun necə qazanılmasını, əldə olunmasını aşılayır. Anar bir neçə şəhər, kənd və qəsəbənin işğaldan azad edilməsində yaxından iştirak edir. Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhidlik zirvəsinə yüksəlir. II Şəhidlər xiyabanında dəfn edilmişdir. Nigar və Əli adlı 2 övladı yadigar qalıb. Ona məxsus əşyalar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, həmçinin "Vətən uğrunda" və "Şuşanın işğaldan azad olunması" medalları ilə təltif olunmuşdur. Xidməti dövründə Anar III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", II və III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 illik və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur. Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məruzə etmişdir. Müvəqqəti olaraq Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə adı verilmiş, Tərtər şəhərinin küçələrindən biri onun adını daşıyır.

Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva qəhrəman hərbçimiz barədə danışarkən bildirir ki, o, Qarabağda bir çox bölgənin və strateji yüksəkliklərin azad edilməsində iştirak edib: "Anargil müharibəyə Naxçıvandan oktyabrın 11-i yollanıb. Döyüşə Füzuli istiqamətindən başlayıblar. Hadrut, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində irəliləyiblər. Ən çətin yüksəkliklərin azad olunmasına özü şəxsən öndə gedərək rəhbərlik edib. Sonuncu döyüşü isə Xocavəndin Tuğ yüksəkliyi olub. Anar əvvəl qolundan, sonra göz nahiyəsindən yaralanıb. O, olduqca mərhəmətli, xeyirxah, mehriban, şərəfli, insan, qəlbində Vətənə böyük sevgisi olan zabit idi. Bilirsiz, onun haqqında günlərlə danışsaq qurtarmaz. Mən, onun ailəsi, qohumları, iş yoldaşları, dostları Anarla qürur duyuruq. Hər zaman başımız ucadır".

Müşfiq MİRZƏ,

"Respublika".