Anar Kərimov: Naxçıvan Azərbaycan mədəniyyətinin inkişafınaböyük töhfələr verən diyardır
MÜSAHİBƏLƏR

Anar Kərimov: Naxçıvan Azərbaycan mədəniyyətinin inkişafınaböyük töhfələr verən diyardır

Naxçıvan Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verən bir diyardır, tarixi-mədəni irsinin zənginliyi ilə Azərbaycanın ən aparıcı bölgələrindəndir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov jurnalistlərə müsahibəsində söyləyib.

Naxçıvana səfərindən danışan Anar Kərimov deyib: "Səfərimizin məqsədi bu diyarın tarixi-mədəni irsini, zəngin adət-ənənələrini təbliğ etmək, beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. Bildiyiniz kimi, bu təbliğatın bünövrəsi 2018-ci ildə qoyuldu. "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Reprezentativ Siyahısına daxil edildi. Beləliklə, bu rəqslər dünyaya bəşəri bir irs kimi tanıdıldı. Hesab edirik ki, bu, bir başlanğıcdır. Çünki Naxçıvanın o qədər zəngin mədəniyyəti var ki, doğrudan da, bu diyarın bütün dünyada tanıdılması zəruridir. Məqsədimiz bu irsi həm ölkə daxilində inkişaf etdirib yeni nəsillərə ötürmək, həm də dünyaya çatdırmaqdır. Bu istiqamətdə daha böyük işlər görməyi planlaşdırırıq. Elə bu səfər zamanı da həmin layihələri müzakirə etdik".

Mədəniyyət naziri qədim diyara səfər çərçivəsində bir neçə görüş keçirdiyini qeyd edib, yüksək səviyyədə qarşılanmaya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Naxçıvanda festivalların keçirilməsi barədə layihələrin əhəmiyyətini vurğulayan Anar Kərimov deyib ki, Naxçıvanın zəngin folklorunu, mədəni irsini və eyni zamanda, teatr sahəsində olan ənənələrini təbliğ etmək üçün respublikada keçiriləcək festivallarda, xüsusilə Bakıda keçiriləcək folklor festivalında Naxçıvanın da aktiv iştirakı və bu qədim yurdun folklor nümunələrinin həmin festivallarda təqdim edilməsi çox əhəmiyyətlidir. Beləliklə, bu layihə həm Bakı sakinlərinə Naxçıvanın zəngin mədəniyyətini tanıdacaq, həm də Naxçıvan folklor qrupları üçün stimul olacaq.

Muxtar respublikanı ilk dəfədir ziyarət edən nazir vurğulayıb ki, qədim torpağın hansı səmtinə yolu düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşıb. Naxçıvan qədim tarixi, müasir inkişafı ilə xeyli sayda turisti cəlb etmək imkanına malikdir. Burada xalqın keçmişinə işıq salan tarixi abidələrə, mənəvi irsimizin qorunduğu mədəniyyət ocaqlarına, insana daxili rahatlıq bəxş edən təbiət guşələrinə və milli memarlıq elementlərinin bərq vurduğu müasir binalara heyran olmamaq mümkün deyil. Naxçıvan olduqca səliqəli, təmiz və abad məkandır. Buradakı sabitlik, dinclik diqqəti çəkir. Əgər bir diyarda inkişaf gedirsə, o da, ilk növbədə, əmin-amanlıq sayəsində mümkün olur.

"Naxçıvanın tarixi abidələri insanı öz sehrinə salır", - deyən Anar Kərimov bildirib ki, heyətlə birlikdə Möminə xatın türbəsində olub. "Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Möminə xatın türbəsi Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti ilə səsləşir. Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatın türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Möminə xatın türbəsi təkrarsız memarlıq nümunəsi kimi Naxçıvana gələn qonaqların diqqətini cəlb edir. Elə türbənin bələdçiləri də bu qədim diyara gələnlərin mütləq əksəriyyətinin Naxçıvan tarix-memarlıq incisi sayılan bu əsəri görməmiş geri qayıtmadıqlarını dedilər. Bütün bunlar Naxçıvanın mirasının, irsinin nə qədər qədim köklərə dayandığını sübut edir. Hesab edirəm ki, bu abidələr dünyaya tanıdılmalıdır, bunun üçün Naxçıvana turistlər cəlb edilməlidir, bu qədim diyarın tarixi zənginliyini bütün dünya görməlidir", - deyə nazir əlavə edib.

"Naxçıvanın hansı səmtinə üz tutsaq, orada bir tarix var. Burada bizim kimliyimizi təsdiq edən çoxəsrlik nümunələr var. Bu faktlar, bu sübutlar Azərbaycanın necə qədim tarixə malik olduğunu bir daha göstərir. Çünki, Naxçıvan elə bir bölgədir ki, ona əsassız iddialar var. Bu iddiaların hamısını rədd etmək üçün məhz bu abidələri, bu nümunələri qorumalıyıq, təbliğ etməliyik, dünyaya tanıtmalıyıq ki, bütün dünya bilsin, burada bizim ulularımızın ayaq izləri var", - deyən nazir Şərq dünyasının canlı muzeyi hesab olunan, Ulu Öndərin "Azərbaycanın incisi" adlandırdığı Ordubad rayonuna, həmçinin xalqımızın azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən Əlincə qalasına gedəcəyini də bildirib.

AZƏRTAC