Anım Günü ilə bağlı Ədliyyə Nazirliyində tədbirlər keçirilib
Sosial həyat

Anım Günü ilə bağlı Ədliyyə Nazirliyində tədbirlər keçirilib

2020 -ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin başlanmasından bir il ötür. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə müharibədə qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü təsis edilib.

Bununla bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda anım tədbirləri keçirilib, nazirliyin rəhbərliyi və kollektivi tərəfindən II Fəxri xiyabanda Vətən müharibəsi qəhrəmanlarının, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarı ziyarət olunaraq üzərinə əklillər qoyulub, əziz xatirələri ehtiramla anılıb. Ədliyyə orqanlarında onun xidməti dövründə fəaliyyət göstərdiyi iş otağında foto və sənədlərdən ibarət xatirə guşəsi yaradılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüşlərdə yaxın ailə üzvü şəhid olmuş və yaralanmış ədliyyə işçilərinin ailələrinə, məhkəmə aparatının əməkdaşlarına və könüllülərinə baş çəkilib, Şağan Reabilitasiya Pansionatında müalicə alan Vətən müharibəsi qazilərinin qayğıları ilə maraqlanılıb, ehsan verilib.

Nazirliyin aparatında keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək 30 il düşmən əsarətində qalan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hərbi-siyasi uğuru və ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün təmin olunduğunu vurğulayıb.

Bildirib ki, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən dövlətimizin başçısının rəhbərliyi ilə doğma torpaqlarımız - Qarabağ və Şərqi Zəngəzur nəhəng bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir, bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə mühüm layihələr gerçəkləşdirilir.

Azərbaycan Respublikası Prezidentinin Anım Günü ilə bağlı müraciətində vurğuladığı kimi, bu gün Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi yaşayır və bundan sonra əbədi yaşayacaq.

Nazir Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən bəhs edərək şəhid ailələrinin və yaralı hərbçilərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

Diqqətə çatdırıb ki, müharibə başlanan andan ədliyyə və məhkəmə işçiləri də döyüşlərdə, o cümlədən könüllü iştirak edib, fədakarlıq göstərib, Azərbaycan Prezidenti tərəfindən 100-dən çox medallarla təltif olunublar. Həmçinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə ilk gündən öz dəstəyini əsirgəməyib, Azərbaycan Ordusuna Yardım Fonduna, "YAŞAT" və Qarabağ Dirçəliş fondlarına könüllü vəsaitlər köçürüblər.

Fikrət Məmmədov Anım Günü ilə əlaqədar xarici ölkələrin Ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciətlərin göndərildiyini vurğulayıb, postkonflikt dövründə Vətən müharibəsi iştirakçılarının, onların və şəhidlərimizin ailə üzvlərinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlər görüldüyünü, ötən müddətdə 60-dan çox belə şəxsin ədliyyə orqanlarında müvafiq işlə təmin edildiyini bildirib.

Ədliyyə işçiləri saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ədliyyə orqanlarında Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri və könüllüləri ilə yığıncaqlar keçirilib, ağacəkmə aksiyası təşkil olunub, cəzaçəkmə müəssisələrindəki dini ibadət yerlərində şəhidlərimizin ruhuna dualar oxunub, namaz qılınıb və ehsan verilib.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın ətrafında daim sıx birləşən ədliyyə işçilərinin qalib Azərbaycan Ordusunun qəhrəmanlığından və şücaətindən qürur hissi keçirdikləri, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Anım Günü ilə bağlı, həmçinin xüsusi döş nişanı hazırlanıb, nazirliyin muzeylərində böyük Qələbəmizə, şəhidlərimizin xatirəsinə həsr olunan ekspozisiyalarla tanışlıq olub, kinozalda filmlər, slaydlar nümayiş etdirilib, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, nazirliyin təlim-tədris müəssisələrində xüsusi dərslər keçirilib, qurumun internet saytlarında və sosial şəbəkə səhifələrində məlumatlar paylaşılıb.

AZƏRTAC