Anım günü layihəsi
Sosial həyat

Anım günü layihəsi

Azərbaycan Beynəlxalq Bankı (ABB) 27 sentyabr Azərbaycan Respublikasında Anım gününə həsr olunmuş yeni sosial məsuliyyət layihəsini təqdim edib. Layihə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilib.

Vətən müharibəsi şəhidlərinin şəkilləri və onlar haqqında qısa məlumatlar ABB-nin yaratdığı yadedirik.az  portalında toplanıb. Hər bir istifadəçi portala daxil olarkən səhifədə gördüyü Vətən müharibəsi şəhidinin şəklini öz sosial media hesablarında paylaşa bilər. Portalda axtarış funksiyası da yaradılıb. İstifadəçilər şəklini paylaşmaq istədikləri şəhidimizin ad və soyadını axtarış bölməsində yazmaqla onunla bağlı vizual və mətn məlumatlarını tapıb paylaşım edə bilərlər.

Növbəti mərhələlərdə portalda Birinci Qarabağ müharibəsi və 20 Yanvar şəhidləri haqqında məlumatların toplanması da nəzərdə tutulur. Layihənin davamında sənədli materiallar əsasında burada şəhidlərimiz haqqında daha geniş məlumatlar, tarixi oçerklər də yerləşdiriləcək. Beləliklə,  portal şəhidlərimiz barədə ətraflı materiallarla zəngin, hər kəs üçün əlçatan məlumat bazasına çevriləcək.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.