Anım mərasimi
Region

Anım mərasimi

Sabirabad rayonunun Vətən müharibəsi şəhidi Ağa Hüseyinlinin doğum günü ilə əlaqədar şəhidin böyüyüb boya-başa çatdığı Sabirabad rayonunun Moranlı kəndində anım mərasimi keçirilib.

Mərasimdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev rayonda Vətən Müharibəsi şəhidləri haqqında məlumat verib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin Şəhid ailələri və Qazilərlə İşin Təşkili şöbəsinin böyük məsləhətçisi,  Vətən müharibəsi iştirakçısı Nurağa Rüstəmov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri, Qarabağ müharibəsi iştirakçısı Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin rayon üzrə nümayəndəsi Ağakərim Sadıqov, şəhidin tağım komandiri leytenant Heydər Məmmədov, Moranlı kənd Ağsaqqallar Şurasının sədri Yavər Təhməzov, Moranlı kənd məktəbinin direktoru Asif Abbasov və başqaları çıxış edərək şəhidimizin xatirəsinə ehtiramlarını ifadə ediblər. Qruzma kənd orta məktəbinin şagirdi, şəhid Həsən Həsənovun bacısı qızı Qıztamam Həsənova şəhidlərimizə ithaf etdiyi şeiri oxuyub. Sonra məktəblilərin ifasında şeirlər səslənib. Şəhidin atası Aydın Hüseynov çıxış edərək mərasim iştirakçılarına minnətdarlığını bildirib.

Şəhidin ruhuna dualar oxunub. Mərasimdə onun doğmaları və yaxınları ilə bərabər kənd ictimayyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Tofiq HÜSEYN,

“Respublika”.