Antalya Diplomatiya Forumu çərçivəsində YAP ilə AK Parti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Siyasət

Antalya Diplomatiya Forumu çərçivəsində YAP ilə AK Parti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım arasında görüş keçirilib.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Ramil Həsən və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım görüşdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında ötən il imzalanmış əməkdaşlıq protokolu, bu sənəd çərçivəsində uğurla həyata keçirilən qarşılıqlı layihələr və tədbirlər, perspektivdə olan məsələlər, eləcə də iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsinin ildönümü ərəfəsində görüləcək işlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Həmçinin Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini səmimiyyətlə salamlayan Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Türkiyəyə işgüzar səfərinin nəticələrini yüksək dəyərləndirib, ADF-də rəsmi nümayəndə heyət ilə təmsil olunduğu üçün Yeni Azərbaycan Partiyasına minnətdarlığını ifadə edib.

Yüksək qonaqpərvərliyə, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün Antalya Diplomatiya Forumunda yaradılan geniş şəraitə görə səmimi minnətdarlığını ifadə edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov ADF-nin sülh, sabitlik, inkişaf və tərəqqi yolunda beynəlxalq müzakirələr platforması kimi dəyərləndirərək, əminliklə bildirib ki, bu tədbir qısa zaman çərçivəsində geniş mənada və böyük coğrafiyada cəlbediciliyini daha da artıracaq.

Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın praqmatik, uzaq strategiyaları hədəf alan lider olduğunu xatırladan YAP Sədrinin müavini Tahir Budaqov əminliklə bildirib ki, martın 18-də açılışı keçiriləcək "1915 Çanaqqala Körpüsü" qardaş ölkədə inkişaf və tərəqqi tarixi yaradan AK Partiya hakimiyyətinin ən böyük uğurlarındandır. Bu körpü Avrasiya məkanını ən etibarlı yol ötürücüsü kimi tarixə düşəcək.

Görüşdə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının Sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri məmnunluqla xatırlanıb. Partiya funksionerləri əminliklə bildiriblər ki, Liderlərimizin strateji məsələlərdə qətiyyətli və ortaq qərarları Azərbaycan və Türkiyənin bundan sonra da birgə inkişafını təmin edəcək.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı parlaq hərbi qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi vəziyyət, Türkiyənin sərgilədiyi qardaşlıq mövqeyi, mövcud regional münasibətlərin perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. İki qardaş ölkənin hakim partiyaları arasında qardaşlıq münasibətləri tarixi hadisə, dövlətçilik tariximizdə həmrəyliyin və proseslərə strateji yanaşmanın bariz nümunəsi kimi dəyərləndirilib.

AZƏRTAC