Aqrar sahə: Bol məhsullu İsmayıllı
MÜSAHİBƏLƏR

Aqrar sahə: Bol məhsullu İsmayıllı

İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları təşkil edən İsmayıllıda hər il bol bitkiçilik və heyvandarlıq məhsulları istehsal olunur. Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yahyayev müxbirimizlə söhbətində konkret faktlarla bu məsələyə aydınlıq gətirərək demişdir:

--Cari ilin məhsulu üçün 2020-ci ilin payızında 22719 hektarda payızlıq buğda, 7705 hektarda dən üçün arpa, ümumilikdə isə 30424 hektar payızlıq taxıl, 2021-ci ilin yazında 11 hektarda yazlıq buğda, 7 hektarda yazlıq arpa, 100 hektarda dən üçün qarğıdalı, 82 hektarda dən üçün vələmir əkilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Əkinlərin 22500 hektarına mineral gübrələr verilmişdir. 21327 hektarda alaq otlarına və 2420 hektarda gəmiricilərə, 3400 hektarda taxıl ziyanvericilərinə, 750 hektarda isə digər ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.

Taxıl yığımı uğurla başa çatmışdır. Rayon üzrə payızlıq dənlilərin ümumi məhsuldarlığı 35.03 sentner olmuşdur. Bundan əlavə, 225 ton vələmir, 37 hektar sahədən 95.8 ton noxud, 261 hektar sahədən 738 ton yem noxudu məhsulu toplanmışdır.

Növbəti ilin məhsulu üçün biçindən sonra 15000 hektardan artıq sahədə şum çıxarılmışdır. Rayonumuzun təsərrüfatçıları bu il 738 ton yaşıl noxud, 95.8 ton ərzaq noxudu, 225 ton vələmir istehsal etmişlər. Ümumilikdə, 30757 hektar sahədən 107476 ton dənli və dənli-paxlalı məhsul toplanmışdır. Hər hektardan orta məhsuldarlıq 34.94 sentner olmuşdur.

İsmayıllı tərəvəzçilərinin əməkləri də yaxşı bəhrə vermişdir. Başqa sözlə, bu il avqust ayının 1-dək 4486 ton tərəvəz, 2356 ton meyvə-giləmeyvə, 5670 ton faraş kartof, 1058.8 ton yazlıq dənli, 924 ton yaşıl lobya istehsal olunmuşdur. Həmin məhsulların istehsalı davam edir. 2021-ci ildə rayon üzrə 30 ton quru tütün istehsalı proqnozlaşdırılır. İndiyə kimi 7.2 ton quru tütün istehsal olunub, 3.215 ton tütün tədarük məntəqələrinə təhvil verilmişdir. Tütün yığımı müvəffəqiyyətlə davam edir.

Mərkəzin direktoru söhbətinə davam edərək  tətbiq olunan yeni qaydalara görə 2020-ci ildən subsidayaların elektron kənd təsərrüfatı sistemi üzərindən verdiyini, cari ilin subsidiyası üçün 7073 istehsalçının 17271 sənədi üzrə 28277 hektar əkin məlumatlarının bəyan olunduğunu bildirdi:

- İstehsalçıların demək olar ki, hamısının ümumilikdə 6 milyon manatdan artıq subsidiya məbləğləri onlar üçün hazırlanmış fermer kartlarına köçürülmüşdür.

İsmayıllı rayonu, Talıstan və Diyallı kəndlərinin ərazisində intensiv becərmə texnologiyalarına əsaslanan sənaye üsulu ilə yüksək məhsuldar superelit və elit toxumla 315 hektar sahədə kartof əkilmişdir. Kartof sahələrindən ümumilikdə 14600 ton, intensiv sahələrdən isə 9300 ton - yəni keçən ilkindən 600 ton çox məhsul götürülməsi gözlənilir. İndiyə kimi 5670 ton kartof istehsal olunmuşdur. İlkin nəticələr bu sahədə də işin uğurla başa çatacağına əminlik yaradır.

Son illərdə rayonda açıq sahə və qismən ötrülü sahə tərəvəzçiliyi də inkişaf etdirilir. Cari ildə 753 hektarda açıq sahə tərəvəzi əkilmişdir. 8523 kvadratmetr sahəni əhatə edən 81 istixanada göyərti, pomidor və xiyar məhsulu da yetişdirilir. Ümumilikdə, tərəvəz sahələrindən 9200 ton, yəni keçən ilkindən 110 ton artıq məhsul gözlənilir. Artıq 4486 ton tərəvəz məhsulu yığılıb. Məhsuldarlıq 97.7 sentner olmuşdur.

Diyallı kəndində isə isidilməyən parnik təsərrüfatında moruq, böyürtkən və açıq sahədə qarağat da yetişdirilir.

Müsahibimlə söhbətdən öyrəndim ki, ənənəvi sahə olan və əhalinin əsas gəlir mənbəyi hesab edilən meyvəçilik də inkişaf etdirilir. 2021-ci ilin birinci yarımili ərzində 0.31 hektar xurma, 0.5 hektar alma, 3 hektar armud, 1.8 hektar heyva, 1.3 hektar gilas, 5.4 hektar badam bağı, 4 hektar qoz və 9.2 hektar fındıq bağı olmaqla cəmi 25.51 hektar meyvə bağı salınmışdır. Bu günədək meyvə bağlarından 1996 ton meyvə, 360 ton giləmeyvə tədarük edilmişdir.

Hələ sovetlər birliyi vaxtında heyvandarlıq İsmayıllının iqtisadiyyatında əsas rol oynamışdır. İndi də belədir. Hazırda rayonda 41938 baş mal-qara, 150470 baş qoyun-keçi var. İlin 6 ayı ərzində rayonda 18615 ton süd, 2705 ton diri çəkidə ət, 8619 min ədəd yumurta, 360 ton yun istehsal olunmuşdur. Bunlar da keçən ilin müvafiq dövründəkindən xeyli çoxdur. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Bunun üçün süni mayalanma tədbirləri tələb olunan səviyyədə həyata keçirilir. Mərkəzin direktoru ilə söhbətimizdən o da aydın oldu ki, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması üçün də lazımi tədbirlərin görülməsi diqqət mərkəzindədir.

Rayonun Qubaxəlilli kəndindəki kompleksin ərazisində 3000 tonluq saxlama kamerasının tikintisi davam edir. Bununla yanaşı, həmin ərazidə balıq qurutma sexinin tikintisinə də başlanılıb.  Rayonun Əhən kəndində 10 min arı ailəsindən ibarət arıçılıq kompleksinin yaradılması üçün müvafiq torpaqayırma sənədləri hazırlanaraq müvafiq ünvana göndərilmişdir. Topçu kəndində "Coca-Cola" şirkətinə 15 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, həmin ərazidə subartezian quyularının qazılması işlərinə də başlanmışdır.

Taxılı, meyvəsi, tərəvəzi, kartofu, heyvandarlıq məhsulları bol olan İsmayıllıdakı bugünkü inkişaf, işə məsuliyyətli münasibət, rayonun daha güclü iqtisadiyyatlı sabahından soraq verir. 

       Rasim AMANOV,

        "Respublika".