Aqrar sahə: Uğurlar davamlı olacaq
Region

Aqrar sahə: Uğurlar davamlı olacaq

"APEKS-AGRO" MMC-nin Pambıq Tədarükü Emalı fabriki keçən il istifadəyə verilib. Qısa müddət ərzində inşa olunan fabrik əlverişli ərazidə - Bakı-Horadiz yolunun Sabirabad rayonundan keçən hissəsində yerləşir.

Keçən il fermerlər fabrikdə yaradılan əlverişli şəraitdən istifadə edərək məhsulun çox hissəsini müəssisəyə təhvil veriblər. Yeni ilin pambıq əkini mövsümündə " qızıl" istehsalçılarından gələn müraciətlərin sayı artıb. Fabrikin direktoru Cavid Muxtarovla söhbət zamanı öyrənirik ki, keçən il müəssisə 2538 ton pambıq qəbul edib. Fabrikdə emal olunan pambıqdan 995 ton 452 kiloqram yüksəkkeyfiyyətli mahlıc əldə edilib.

- Başlanğıc üçün yaxşı göstəricidir, direktor deyir, məhsulun artıq 599 tonu Türkiyə bazarlarına çıxarılıb. Tezliklə yerdə qalan mahlıc kipləri alıcılarına göndəriləcək. Fabrikin 47 nəfərlik kollektivi yeni ilin pambıq qəbulu emalı mövsümünə yüksək səviyyədə hazırlaşıb. Türkiyə istehsalı olan avadanlıqlar pambığın keyfiyyətli emalına şərait yaradır. Keçən ilin ilk uğurları davamlı olacaq.

Direktor onu da əlavə edir ki, bu mövsümdə 196 fermerlə müqavilə bağlanıb. 169 nəfəri Sabirabaddan, 4 nəfəri İmişlidən, 23 nəfəri Saatlıdan olan fermerlərə cari ilin pambıq əkini, becərilməsi üçün 600 min manat avans verilib. Becərmə müddətində fermerlər maşın-mexanizm, dərman preparatı, digər lazımi mal-materialla təmin olunacaqlar.

Hazırda fermerlər çiyid səpininə başlamışlar. Səpində Türkiyədən alınan "Bəyaz Altun-40", "Bəyaz Altun-10-10" "Fion" markalı çiyiddən istifadə olunur. Onlar 1476 hektar Sabirabad, 115 hektar İmişli, 242 hektar Saatlı ərazilərində əkin aparmağı planlaşdırıblar.

Tofiq HÜSEYN,

"Respublika".