Aqrar sahə:  Xoş əhvali-ruhiyyə olan yerdə əl işdən soyumur
Region

Aqrar sahə:  Xoş əhvali-ruhiyyə olan yerdə əl işdən soyumur

Xoş əhvali-ruhiyyə, hədsiz sevinc duyğuları ilə dolu günlər bir-birini əvəz edir. İşğaldan azad olunmuş torpaqlarımızda əsl canlanma, coşqun həyat ritmi bərpa olunur. 30 il düşmən tapdağı altında qalan rayonlarımız yenidən qurulur. Bu günlərdə "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı cəbrayıllılara sözün əsl mənasında xoş ovqat bəxş etmişdir. Müsahibimiz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov söhbət zamanı haqlı olaraq bildirdi ki, xoş əhvali-ruhiyyə olan yerdə əl işdən soyumur:

- Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. 30 illik həsrətimizə son qoyan bu möhtəşəm hadisə yurdumuzun hər yerində olduğu kimi, bizim rayonumuzda da artıq iki ilə yaxındır ki, böyük coşqu ilə qeyd olunur. Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci, xoşbəxt anları bizə bəxş edən Ali Baş Komandanımıza, Müzəffər Ordumuzun igid əsgər və zabitlərinə dərin təşəkkürümüzü bildiririk. Cənab Prezidentin Şükürbəyli kəndinin layihələndirilməsi və tikinti işləri ilə bağlı Sərəncamı da rayon sakinləri arasında böyük razılıq hissi ilə qarşılanıb.

Şahin müəllim söhbətinə davam edərək deyir:

- Hər qarışı Şükürbəylinin torpaqları kimi barlı-bəhərli münbit torpaqlarımız yolumuzu gözləyir. Tezliklə o torpaqlardan traktor, texnika səsi eşidiləcək. Uzun illər boyu taxılçılıq, üzümçülük, heyvandarlıq rayonu olan Cəbrayılın əvvəlki şöhrəti tezliklə özünə qaytarılacaq. Aqrar sahədə çalışan cəbrayıllıların əkin-biçin işində zəngin təcrübəsi var. Biz köçkün həyatı yaşadığımız illərdə də torpaqdan ayrılmamışıq. 30 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi nəticəsində ölkənin aqrar sektorunda dayanıqlı və dinamik inkişaf təmin edilmiş, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşması üçün əlverişli mühit yaradılmışdır.

Respublikamızın əldə etdiyi belə nailiyyətlərdə hər il olduğu kimi, bu il də Cəbrayıl rayonunun payı vardır. Artıq hamıya məlumdur ki, 1993-cü ilin 23 avqustunda rayon ərazisi erməni hərbi birləşmələri tərəfindən işğal edildiyindən əhalimiz respublikamızın 50-dən çox şəhər və rayonunun ərazisində məskunlaşmaq məcburiyyətində qalmışdır. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 may 2002-ci il tarixli Fərmanı ilə Biləsuvar rayonu ərazisində məskunlaşmış 2698 ailənin hər birinə bərabər qaydada olmaqla müvəqqəti istifadə üçün 0,59 hektar, 1858 ailənin hər birinə isə 0,40 hektar əkin üçün torpaq sahəsi verilmişdir. Bununla yanaşı, məcburi köçkünlərin şəxsi vəsaitləri hesabına ətraf ərazilərdəki torpaqların əkinəyararlı hala salınması və uzunmüddətli icarəyə götürülən torpaqlar hesabına əkin sahələri xeyli genişləndirilmiş, həmin torpaqlarda bu ilin məhsulu üçün 17.057 hektarda taxıl əkini aparılıb, onun 12.300 hektarında buğda, 5026 hektarında arpa becərilib. 10 hektarda şəkər çuğunduru, digər bitkilər əkilmişdir.

Cari ildə rayon üzrə bütün əkin sahələrində aqrotexniki tədbirlər uğurla həyata keçirilmiş, fermerlərə DAİM-in mütəxəssisləri və Kənd Təsərrüfatı Nazirliyinin rayon tabeli qurumları tərəfindən vaxtaşırı maarifləndirici seminarlar vasitəsilə dəstək göstərilmişdir. Aparılmış tədbirlərin nəticəsidir ki, bu il sahələrdən 8.680 ton buğda, 4554 ton arpa yığılmışdır.

Baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramının icrası istiqamətində də işlər davam etdirilmişdir. Bu məqsədlə 2016-2018-ci illərdə rayona Çin Xalq Respublikasından 47,5 min ədəd, daxili istehsaldan isə 64 min ədəd olmaqla ümumilikdə 111,5 min ədəd tut tingi verilmiş və istehsalçılar arasında paylanılaraq becərilməsi davam etdirilmişdir. Bu il rayon üzrə 77 nəfər istehsalçı tərəfindən 4.957 kiloqram barama istehsal edilmiş və barama planı 112 faiz icra olunmuşdur.

Direktor deyir ki, kənd təsərrüfatı məhsullarının artırılmasında mineral gübrələrin üstünlükləri barədə fermerlərlə maarifləndirici söhbətlər daha da genişləndirilmiş, gübrələrdən istifadənin təşviqi istiqamətində onlarla işgüzar görüşlərin sayı artırılmışdır. Artıq fermerlərdə maraq xeyli gücləndirilmişdir.

Əhalinin heyvandarlıq məhsullarına tələbatının daxili istehsal hesabına ödənilməsini daha da yaxşılaşdırmaq, bu məhsullar üzrə ehtiyacların idxaldan asılılığını minimuma endirmək istiqamətində də işlər davam etdirilmişdir. Rayonda iribuynuzlu heyvanların sayı 10987 başa, xırdabuynuzluların sayı 100405 başa çatdırılmışdır. Rayon üzrə arıçılıqla məşğul olan ailələrlə ətraflı maarifləndirici tədbirlər davam etdirilmişdir. 103 nəfər tərəfindən 1378 arı ailəsinin saxlanıldığı müəyyənləşdirilmiş və Nazirlər Kabinetinin qərarına uyğun olaraq arı ailələrinin uçota alınması başa çatdırılmışdır.

Şahin müəllim əlavə edir:

- Əlbəttə, mən cari ildə təsərrüfatın bütün sahələrində əldə etdiyimiz nailiyyətlərdən misallar gətirə bilərəm. Lakin mən, işğaldan əvvəl, 1992-ci ildə Cəbrayıl rayonunun kənd təsərrüfatında qazandığı bir sıra göstəriciləri xatırlatmaq istəyirəm. Həmin il rayon üzrə 64 min ton üzüm, 275 ton barama, 20,6 min ton taxıl, 2600 ton tərəvəz, digər məhsullar istehsal edilmişdi. Biz tezliklə doğma rayonda bu rəqəmləri nəinki təkrar edəcək, hətta qat-qat yüksəltməyə nail olacağıq.

 Tofiq HÜSEYN,

 "Respublika".