AQRAR SAHƏDƏ TEXNİKA İLƏ TƏMİNAT ƏSAS ŞƏRTDİR
Region

AQRAR SAHƏDƏ TEXNİKA İLƏ TƏMİNAT ƏSAS ŞƏRTDİR

Ölkəmizdə iqtisadiyyatın əsas qollarından biri olan kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir. Ölkə Prezidenti İlham Əliyevin  müvafiq sərəncamları ilə kənd təsərrüfatının bütün sahələri üzrə güzəştlər tətbiq olunmuş, aqrar sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Kənd təsərrüfatı texnikaları da ölkəmizdə kənd təsərrüfatının və bu sahədə sahibkarlığın inkişafına dəstək, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfədir. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyi nəzərə alınaraq  respublikada bu sahənin inkişafına böyük diqqət və qayğı göstərilir. Belə ki, respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Hər il müasir meliorasiya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Torpaq mülkiyyətçilərinə kənd təsərrüfatı texnikaları verilir, kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyətinə dəstək göstərilir. Yaradılan şəraitin nəticəsidir ki, ölkədə fermer və torpaq mülkiyyətçiləri formalaşmışdır. Respublikanın qabaqcıl  aqrar rayonlarından olan Goranboy rayonunda da bu sahəyə diqqət artır. Tələbata uyğun olaraq kənd təsərrüfatı texnikaları və avadanlıqları alınıb gətirilir. Çünki aqrar sahənin inkişafında, ərzaq məhsulları istehsalının artırılmasında və itkisiz məhsul yığımında başlıca amillərdən biri də torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmasıdır. Yeni innovativ texnologiyaların tətbiqi həm də əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına, bazarda yerli məhsulların üstünlük təşkil etməsinə, ümumilikdə isə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir.

Onu da qeyd edək ki, ötən gün Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Muzdurlar kəndində fəaliyyət göstərən “Umut Agro” MMC kənd təsərrüfatı texnikalarının satışı və servis xidməti mərkəzində oldu. Rayon rəhbəri burada mövcud kənd təsərrüfatı texnikaları və digər texniki ləvazimatlarla tanış oldu, texnikaların fermerlərə hansı şərtlərlə satılması qaydaları ilə maraqlandı. “Umut Agro” MMC kənd təsərrüfatı texnikalarının satışından başqa innovativ suvarma sistemlərinin fermerlərə çatdırılması və quraşdırılması,   eyni zamanda kompleks heyvandarlıq fermalarında heyvandarlığın mexanikləşdirilməsi üçün tələb olunan avadanlıqların və texnikaların da fermerlərə çatdırılmasını təmin edir.“Umut Agro” MMC-nin rəhbəri Fərid Əkbərov rayon rəhbərinə, “Umut Agro” MMC-nin istehsal etdiyi kənd təsərrüfatı texnikalarının sərgilərdə nümayiş etdiriləcəyi barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, kənd təsərrüfatı sahəsində əl əməyi nə qədər yüngülləşərsə, bu sahəyə maraq o qədər artar, məhsul istehsalı yüksək olar. Hər bir texnika məhsul istehsalı, məhsuldarlığın artırılması deməkdir. Müasir traktorlar, taxılsəpənlər, kartof əkini, becərilməsi və yığımında istifadə olunan texnikalar, toxum istehsalı avadanlıqları, kotan, ekskavator-buldozerlər, suvarma sistemləri və digər texnikalar kənd təsərrüfatı işlərində əl əməyini xeyli yüngülləşdirəcək, məhsulun itkisiz yığımına, tədarükünə imkan verəcək və bol məhsul əldə etməyə zəmin yaradacaqdır.

            Zabit XƏLİLOV,

            “Respublika”.