AQRAR SAHƏDƏ UĞURLAR ÜRƏKAÇANDIR
Region

AQRAR SAHƏDƏ UĞURLAR ÜRƏKAÇANDIR

Son illərdə dövlətimizin başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi üçün bir sıra vacib sərəncamlar imzalamışdır. Sərəncamların icrası Şəmkirdə də uğurla təmin edilir.

Hazırda Azərbaycanda idxaldan asılılıq minimuma endirilir. Hətta hər il minlərlə ton rəqabətədavamlı kənd təsərrüfatı məhsulları xarici ölkələrə ixrac olunur ki, bu da respublikaya əlavə valyuta axınına zəmin yaradır. Xüsusilə vurğulamaq lazımdır ki, Şəmkir rayonu bu sırada on yerlərdə qərar tutur.

Dövlətin aqrar sahədə çalışanlara qayğısı, kənd təsərrüfatı texnikaları və mineral gübrələrin güzəştli qiymətlərlə fermerlərə satışı verilən subsidiyalar, toxumçuluqla məşğul olanlara dövlət qayğısı və s. şəmkirlilərin bu sahəyə marağını daha da artırır.

Fermerlər təkrar əkin aparmaqla demək olar ki, torpaqlardan ilboyu maksimum dərəcədə səmərəli şəkildə istifadə edirlər. Rayonun istər dağətəyi, istərsə də aran ərazisində aqrotexniki qaydalara düzgün əməl edilməklə kənd təsərrüfatı məhsullarının istehsal həcmində dinamik artım müşahidə olunur.

Rayon ərazisində 2022-ci ilin məhsulu üçün 14375 hektar əkin sahəsində payızlıq və yazlıq taxıl əkilmişdi. Sahələrin 9200 hektarı suvarılan, 5175 hektarı dəmyə sahəsidir. 8565 hektar buğda sahəsinin hər hektarından 34.6 sentner olmaqla 29635 ton, 5692 hektar arpa sahəsinin hər hektarından 31 sentner olmaqla 17675 ton, 118 hektar vələmir sahəsinin hər hektarından 23 sentner olmaqla 272 ton məhsul istehsal edilmişdir.

Rayon ərazisində fermerlər tərəfindən 161.7 hektar şəkər çuğunduru, 941 hektar günəbaxan, 1841 hektarda qarğıdalı, 6575 hektar kartof, 6428 hektar tərəvəz, 78 hektar sahədə isə bostan bitkiləri əkilmişdir.

Rayonda 850 hektar istixana şəraitində becərilən pomidor sahəsindən hər hektarından 1586 sentner olmaqla 134879 ton, 199 hektar xiyar sahəsindən hər hektardan 1100 sentner olmaqla 21895 ton məhsul istehsal edilmişdir.

Şəmkir rayonu üzrə səpin aparılmış 13500 hektar sahədə 2200 ton mineral gübrədən istifadə edilmişdir. Taxıl sahələrində monitorinq zamanı xəstəlik və zərərvericilərin müşahidə edildiyi sahələrdə pestisidlərdən istifadə edilmişdir.

Rayon ərazisində çoxillik meyvə bağlarından 1855 hektarı xurma, 121 hektarı alma, 98 hektarı alça, 137.2 hektarı armud, 655 hektarı şaftalı, 161.3 hektarı gavalı, 219.7 hektarı ərik, 51.6 hektarı heyva, 232.9 hektarı gilas, 62 hektarı qoz, 76 hektarı fındıq, 439 hektarı nar, 560 hektarı üzüm, 240.3 hektarı isə meyvə, 305 hektarı giləmeyvə sahəsidir. 2022-ci ildə 320 hektar yeni bağ salınmışdır ki, həmin bağın 59 hektarı ənənəvi, 261 hektarı intensiv bağdır. Təkrar qarğıdalı əkini aparılmış sahələrdən yaşıl yem üçün (260 hektardan) 7800 ton, dən üçün isə (520 hektardan) 1300 ton məhsul yığılmışdır. Yem üçün hər hektardan 300 sentner, dən üçün ayrılmış sahədən isə 25 sentner məhsul götürülmüşdür.

2023-cü ilin məhsulu üçün Şəmkir rayonu üzrə 13500 hektar sahədə şum aparılması nəzərdə tutulmuşdur. Lakin fermerlər tərəfindən aparılan şum 14310 hektara çatdırılmışdır. 14050 hektar sahədə hamarlama və səpin aparılmışdır. Səpin aparılmış sahənin 4929 hektarı dəmyədə əkilmişdir. 4929 hektar sahənin 4427 hektarında buğda, 502 hektarında isə arpa səpilmişdir.

Respublikamızın ən böyük aqrar rayonlarından olan Şəmkirdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar və potensiallar mövcuddur.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na əsasən subsidiyanın verilməsinə dair xidmət reqlamentlərinə uyğun olaraq elektron kənd təsərrüfatı informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilir.

EKTİS-də fermerlər tərəfindən 2021-ci ilin sentyabr ayının 1-dən 2022-ci ilin iyun ayına qədər payızlıq və yazlıq dənli bitkilər üzrə cəmi taxıl 15825 hektar, o cümlədən 7956 hektar buğda, 7868 hektar arpa, 31 hektar isə digər dənli bitkilər bəyan olunmuşdur.

Şəmkirdə maldarlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradılmışdır. 31 dekabr 2022-ci il tarixinə Şəmkir rayonunda xırdabuynuzlu davarların sayı 265670 baş, iribuynuzlu mal-qaranın sayı 56027 baş, o cümlədən ana mal 27901 baş olmuşdur. Ət istehsalı 11514 kq, süd istehsalı 54504 litr, yun istehsalı 534.2 ton təşkil edib.

Yoluxucu xəstəliklərin baş verməməsi üçün Şəmkir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən rayonda heyvanlar arasında epizootik tədbirlər vaxtaşırı aparılır.

Şəmkirdə son illərdə əhalinin arıçılığa meyli artmaqdadır. 2022-ci ilin 01 iyul tarixinə 779 arıçı EKTİS-də qeydiyyatdan keçərək 18.284 arı ailəsi bəyan etmişlər.

Ötən illərdə olduğu kimi, 2023-cü ildə də Şəmkirdə aqrar sahədə bol məhsulun əldə olunacağı proqnozlaşdırılır.

Vəli VƏLİYEV,

"Respublika".