Aqrar sahənin dayanıqlı inkişafı üçün yeni hədəflər
İQTİSADİYYAT

Aqrar sahənin dayanıqlı inkişafı üçün yeni hədəflər

Kənd təsərrüfatına dövlət dəstəyi, aparılan islahatlar etibarlı ərzaq təhlükəsizliyinin təminatına zəmin yaradır

“Bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etməliyik. Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq”-deyir Azərbaycan Prezidenti İlham Əliyev.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət  xalqın və dövlətin mənafeyinə cavab verən  ali prinsip və normaları ehtiva edir. Dövlətimizin başçısının vurğuladığı kimi, hər bir sahə üzrə düşünülmüş proqram var, onlar ardıcıl həyata keçirilir. Bununla dayanıqlı və  güclü iqtisadiyyat formalaşdırılıb, bütün  sahələrdə  uğurlar əldə olunur. Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib, həyata keçirilən tədbirlər nəticəsində bu sahədə yüksəliş  tempi davam edir.

 Qeyri-neft sektorunun inkişaf etdirilməsi və yüksək artımın təmin olunması dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Davamlı aparılan islahatlar, aqrar sahənin modernləşdirilməsi, intensiv inkişaf mexanizmlərinin daha çevik tətbiq edilməsi və fermerlərin maddi rifahının yüksəldilməsi dövlət siyasətində əhəmiyyətli yer tutur. Respublikamızda  onu vuğulamaq lazımdır ki, aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq məqsədilə qanunvericilik bazası möhkəmləndirilmiş, fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsi həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında”  Fərmanı aqrar sahəyə göstərilən diqqət və qayğının  bariz nümunəsidir, göstəricisidir. Olduqca mühüm əhəmiyyət kəsb edən fərmanda qeyd olunur ki,  Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 43,4 milyon manat dəyərində texnika alıb. Bu barədə nazirliyin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir. Bunlar 562 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən 100 taxılyığan kombayn, taxıl biçinində mürəkkəb relyefli ərazilərə istifadəyə imkan verən konfiqurasiyaya malik 25 taxılyığan kombayn, 9 traktor, 428 taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrində istifadə edilən aslıan-qoşulan kənd təsərrüfatı texnikalarıdır, alınaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarının istifadəsinə verilib. 39 kombayn, 1,1 min traktor və 6,1 min digər texnika olmaqla ümumilikdə 7,2 min kənd təsərrüfatı texnikasının lizinqə verilməsi və güzəştli şərtlərlə satışı həyata keçirilib.

 Əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Ölkəmizdə taxılçılığın inkişaf etdirildiyi ərazilərdən biri də Qarabağ bölgəsidir. Bölgədə son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkənin taxıl məhsulları ilə təminatında özəl iri taxılçılıq təsərrüfatlarının rolu böyükdür. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli və Xocavənd rayonları ərazisində yaradılan onlarla özəl taxılçılıq təsərrüfatında hər hektar sahədən yüksək məhsuldarlıq əldə olunur ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Özəl taxılçılıq təsərrüfatlarının yaradılması ərzaq bolluğuna xidmət edir.

Ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində dövlət torpaq fondu hesabına 4800 hektar sahədə yaradılıb. Təsərrüfatın fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən ərazidə lazımi infrastruktur yaradılıb, meliorasiya-irriqasiya, yolların çəkilməsi və enerji təminatı həyata keçirilib. Təsərrüfatda dünyanın müasir texnika və  texnologiyaları tətbiq olunub. Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində “AzAqroTaxıl” MMC tərəfindən yaradılan özəl taxılçılıq təsərrüfatı isə 1500 hektara yaxın sahəni əhatə edir. Təsərrüfatda yeraltı su boruları çəkilib, süni yağışyağdırma üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Təsərrüfatdaxili hərəkət yolları, su və elektrik xətləri çəkilib. Təsərrüfatın suvarma suyu ilə təminatı yeni inşa edilmiş nasos stansiyası vasitəsilə həyata keçirilir. Burada  aqrotexniki qaydalara əməl olunmaqla bərk buğda ilə yanaşı, qarğıdalı, çuğundur, pambıq da becərilir. Növbəli əkin sisteminin tətbiq edildiyi təsərrüfatda taxıl becərilməsi aqrotexniki qaydalara uyğun aparılır.

Taxılçılıqda məhsuldarlığı artırmaq üçün zəruri amillərdən biri də yeni taxıl sortlarının yaradılması, onların rayonlaşdırılması, eləcə də toxumçuluğun inkişafı ilə bağlıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2015-ci il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır.   Məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirilir. Taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı və səpin zamanı bu toxumlardan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Buğda istər dünyada, istərsə də ölkəmizdə ən çox istehsal olunan kənd təsərrüfatı məhsuludur.  Azərbaycanda  bölgələrin torpaq-iqlim şəraitinə uyğun olaraq buğda sortları becərilir ki, bu sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətlərinə malikdirlər. Həmin sortlar arasında qiymətli bərk buğda sortları da mövcuddur. Bu buğda sortları arasında həm yerli iqlim şəraitinə uyğunlaşdırılmış buğda sortları, həm də yerli sortlar var. Mütəxəssislər bildirirlər ki, bu gün emal müəssisələrini maraqlandıran keyfiyyətli toxumdur. Ona görə seleksiya sahəsində işlər görülür. Bu işlərin də məqsədi məhz müasir əsrin iqlim şəraitinə uyğun yeni sort əldə etməkdir.

Görülən işlərin nəticəsidir ki, ölkəmizdə ötən illərə nisbətdə məhsuldarlıq yüksəkdir. Dövlət Statistika Komitəsinin 2021-ci ildə taxıl biçininin gedişi barədə verilən məlumatda bildirilir ki, 2021-ci il avqust ayının  17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahənin 960,4 min hektarı və yaxud 97,7 faizi biçilərək məhsulu yığılmışdır. Sahələrdən 3057,1 min ton məhsul toplanmış, məhsuldarlıq 31,8 sentnerə bərabər olmuşdur. Məhsulun 1885,4 min tonunu və yaxud 61,7 faizini buğda, 1146,6 min tonunu (37,5 faizini) arpa, 25,1 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir. Ölkədə artıq buğda istehsalı başa çatmışdır. DSK-nın məlumatına əsaslansaq, 2021-ci ildə ölkədə 1885,4 min ton buğda istehsal olunmuşdur. 

Dövlət fermerləri, sahibkarları stimullaşdırmaq üçün geniş proqramlar icra edir, onlara subsidiyalar, güzəştli kreditlər verilir, texnika, gübrə, yanacaqla təminat həyata keçirilir. Torpağın suvarılması, suyun düzgün bölünməsi ilə bağlı nəzərdə tutulan və artıq icrasına uğurla başlanan işlər də, şübhəsiz ki, müsbət nəticəsini göstərəcək. Bir sözlə, dövlətin aqrar sahəyə, nəticə etibarılə ölkədə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə ardıcıl dəstəyi davam edir. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların, təxminən 100 min hektarında əkin işlərinin aparılması həm ölkəmizin ərzaq təhlükəsizliyinə, həm də bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək. Ötən il Azərbaycan  Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam da bu sahəyə növbəti dəstəyin təzahürüdür. Bu sahədə əsas hədəf məhdud torpaq resursları nəzərə alınmaqla məhsuldarlığın artırılması, eləcə də işğaldan azad olunan torpaqlarımızın əkin dövriyyəsinə daxil olunması nəticəsində buğda istehsalında artımın əldə edilməsidir. 

Mustafa KAMAL,

“Respublika”.