Aqrar sahənin üfüqləri genişlənir
Region

Aqrar sahənin üfüqləri genişlənir

 Qarabağ iqtisadi rayonu

Əsas reallıq budur ki, ölkəmizdə taxılçılığın inkişafı ilk növbədə əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır. Mütəxəssislər hesab edir ki, dövlətimizin başçısı İlham Əliyevin 2022-ci il iyulun 19-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman  ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə güclü təkan verəcək. Artıq rəsmi statistik məlumatlar və rəqəmlər inkişafdan xəbər verir.

Azərbaycanda 2022-ci ilin payızında bu ilin məhsulu üçün 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi əvvəlki təsərrüfat ili ilə müqayisədə 2,8% çoxdur. Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa, 160 hektarını çovdar əkinləri təşkil edir. Əvvəlki təsərrüfat ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılıb. Payızlıq taxıl əkinləri  Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.

Respublikamızın iri taxılçılıq rayonlarından olan Ağdamda fermer və torpaq mülkiyyətçiləri taxıl səpinini optimal müddətdə uğurla başa çatdırıblar. 15200  hektar payızlıq taxıl sahələrində yaxşı bitiş alınıb. Rayon taxılçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına vaxtında lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub. Ağdamda işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində 5137 hektarda buğda səpini aparılıb. Minalardan təmizlənmiş Bağbanlar, Saybalı, İsmayılbəyli, Sarıcalı və Ağdamkənd kəndlərində səpin başa çatdırılıb. Rayon taxılçıları əsasən “Dəyanətli”, “Aran”, “Qırmızıgül” və yeni sortlar arasında işğaldan azad edilən ərazilərimizin adını daşıyan “Ağdərə”, “Xarıbülbül”, “Xudafərin” toxum sortlarına üstünlük veriblər. Gələcəkdə işğaldan azad edilmiş əkin sahələrində taxılçılığın inkişaf etdirilməsi üçün kifayət qədər baza yaradılıb.

Qeyd edək ki, taxılçılığa dövlət dəstəyinin gücləndirilməsi sayəsində ağdamlı taxılçılar ötən il uğurlu nəticələrə nail olublar. Rayonun fermer və torpaq mülkiyyətçiləri 9926,5 hektar taxıl sahəsindən 40 min 10 ton məhsul əldə edib. Məhsulun 32 mindən çoxu buğda, 8 min tondan çoxu isə  arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 40,3 sentner, o cümlədən buğda sahələrində 41,1, arpa sahələrində isə 37,5 sentner olub.

2021-ci illə müqayisədə hər hektardan ümumi məhsuldarlıq 0,1 sentner çoxdur. Müasir əkinçilik ənənələri ilə tanınan rayonda təcrübəli fermerlər, xüsusi mülkiyyətçilər torpaqdan səmərəli istifadə etməyin yolunu yaxşı bilirlər. Məhsul istehsalçıları  uzun illərin təcrübəsinə əsasən bilirlər ki, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, həmçinin məhsul yığımından dərhal sonra torpağın növbəti əkin üçün hazırlanması məhsuldarlığı artırır. Mütəxəssislərin fikrincə, Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86 min tona çatdırılması gözlənilir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Fərmanının icrası çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesinə paralel olaraq kənd təsərrüfatı əkinlərinin həyata keçirilməsi işləri aparılıb. Qeyd edək ki, bu il işğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədən taxıl biçilib, 70 min hektar sahədə isə payızlıq taxıl əkini aparılıb.

Qarabağ iqtisadi rayonuna daxil olan və taxıl istehsalına görə Füzuli rayonu potensial imkanlara malikdir. Ötən təsərrüfat ilində  rayonda 125,8 min ton taxıl istehasal olunub. Mütəxəssislərin qənaətinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə sevindirici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Füzuli rayonunda taxıl istehsalının 130.4 min tona çatdırılması, yəni ölkə üzrə ümumi taxıl istehsalında 3.1 faizlik artım gözlənilir. Təkcə Ağdam və Füzuli rayonlarının işğaldan azad edilən ərazilərində 200 min tondan çox taxıl istehsal ediləcək, digər kənd təsərrüfatı bitkilərinin əkinləri genişləndiriləcək. Füzuli rayonunda aqrar sahənin inkişaf üfüqləri heç də uzaqda deyil, işğaldan azad edilən torpaqlar cana gəlir, əkinçi əllərinin zəhməti ilə məhsul bolluğu yaradılır.

Salman ALIOĞLU,

“Respublika”.