Aqrar sahəyə dövlət dəstəyi sahənin inkişafını stimullaşdırır
İQTİSADİYYAT

Aqrar sahəyə dövlət dəstəyi sahənin inkişafını stimullaşdırır

Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması istiqamətində uğurlu islahatlar davam etdirilir. Bu islahatların əsas hədəflərindən biri də qeyri-neft sektorunun inkişafı, bütün parametrlər üzrə göstəricilərinin yüksəldilməsidir. Qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən biri isə kənd təsərrüfatıdır ki, bu sahənin də inkişaf etdirilməsi yönündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü islahatlar həyata keçirilir. Aqrar sahənin dinamik inkişafını şərtləndirən islahatların başlıca bir qolu isə bu sahəyə dövlət dəstəyi ilə bağlıdır. Belə ki, aqrar sahəyə davamlı dövlət dəstəyi göstərilir, bu dəstəyin gücləndirilməsi üçün yeni mütərəqqi mexanizmlər hazırlanır, ardıcıl olaraq müvafiq siyasət sənədləri qəbul olunur, qanunvericilik bazası təkmilləşdirilir.

Aqrar sahəyə dövlət dəstəyi ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlayıb. Ölkədə torpaq islahatı həyata keçirilib, torpaqlar əvəzsiz olaraq vətəndaşlara paylanıb. Daha sonra kənd təsərrüfatı fəaliyyətini stimullaşdırmaq, bu fəaliyyətlə məşğul olanları dəstəkləmək üçün kənd təsərrüfatı istehsalçıları cüzi torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilib.

Aqrar sahənin inkişafını həmişə diqqətdə saxlayan dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar isə sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin də aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır.

Aqrar sahəyə dövlət dəstəyinin əsas aləti aqrar subsidiyalardır. Aqrar subsidiyaların məqsədi kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirlərini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və məhsul istehsalını təşviq etməkdir.

Aqrar sahə üzrə dövlət dəstəyi alətləri əsasən birbaşa dövlət dəstəyi mexanizmindən, aqrar kreditlərdən, dövlət dəstəyi mexanizmli aqrar sığorta sistemindən, vergi və gömrük güzəştlərindən ibarətdir.

 

Yeni subsidiya mexanizmi

Birbaşa dövlət dəstəyi kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən birbaşa subsidiyalardan ibarətdir. Birbaşa subsidiyaların verilməsi 2020-ci ildən yeni mexanizm əsasında həyata keçirilir. Belə ki, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi üçün Prezident İlham Əliyev 2019-cu il iyunun 27-də “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Həmin Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasına əsasən, 2020-ci ildən etibarən fermerlərə subsidiyalar ancaq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən verilir. Bu, prosedurun asanlaşması,fermerlərin subsidiyalara əlçatanlığının daha da yaxşılaşması, zaman itkisinin qarşısının alınması ilə yanaşı, şəffaflığın artırılması və neqativ halların aradan qaldırılması baxımından mühüm addımdır. Belə ki, fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olub torpaq sahələri, əkdikləri və ya əkəcəkləri bitkilər, subsidiya predmeti olan heyvanlar barədə məlumatları daxil edərək heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə bilirlər. Sənədlərində dəyişiklik olmayan fermerlər subsidiya ala bilmək üçün yenidən sənəd təqdim etmirlər.

Həmçinin Fərmana uyğun olaraq subsidiya mexanizminin kənd təsərrüfatının inkişafı məqsədlərinə çevik şəkildə uyğunlaşdırılması məqsədilə Aqrar Subsidiya Şurası yaradılıb. Şura bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsini həyata keçirir. 

Birbaşa subsidiyalar əsasən əkin subsidiyası, məhsul istehsalına görə verilən subsidiyalar, istehsal vasitələrinə verilən subsidiyalar, heyvandarlıq sahəsi üzrə verilən subsidiyalardır.

 

Əkin subsidiyası

Əkin subsidiyası fermerlərə əkdikləri bitkilərin becərilməsi üçün istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə və pestisidlərin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə verilir. Bununla da yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətlərlə alınması üçün fermerlərə əvvəllər verilən birbaşa və dolayı subsidiyalar əkin subsidiyası şəklində birləşdirilib.

Əkin subsidiyası sözügedən Fərmanla təsbit edilmiş 200 manat baza məbləğinin Aqrar Subsidiya Şurası tərəfindən təsdiq edilən əkin əmsallarına vurulması yolu ilə hesablanır və birbaşa fermerlərin bank kartlarına (fermer kartı) köçürülür. Fermerlər əkin subsidiyasının 25%-ni nağdlaşdıra bilər. Qalan 75% isə nağdlaşdırılmadan gübrə, pestisid, toxum və ya ting alışı üçün EKTİS-də qeydiyyatdan keçmiş kənd təsərrüfatı istehsal vasitələri satıcılarının hesabına köçürülür.

Fermerlər il ərzində onlara ayrılan, lakin istifadə etmədikləri vəsaiti həmin il ərzində aparılan növbəti əkinləri üçün xərcləyə bilərlər. Məlumat üçün bildirək ki, hektar başına əkin subsidiyasının məbləği regionlar və bitki növləri üzrə fərqlidir.

Habelə zaman-zaman istehsalla bağlı qarşıya çıxan çətinliklərin dəf edilməsi üçün dövlət tərəfindən fermerlərə stimullaşdırıcı dəstək tədbirləri göstərilir. Buna misal olaraq qeyd edək ki, bu ilin əvvəlində ölkədə dizel yanacağının qiymətindəki artımın kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarı ilə fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərinin kompensasiya edilməsi üçün əkin subsidiyası əmsalları artırılıb.

Onu da qeyd edək ki, yeni qaydalarda kənd təsərrüfatı kooperativlərinin fəaliyyətinin stimullaşdırılması da nəzərə alınıb. Fərmana əsasən, 50 hektardan yuxarı sahəsi olan kənd təsərrüfatı kooperativlərinə 10 faiz daha çox əkin subsidiyası ayrılır.  

 

Təkrar ək, təkrar qazan...

Azərbaycanda dövlət dəstəyi təşviqi sayəsində təkrar əkinlərin aparılması ənənələri genişlənir. Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ikinci məhsul əkini həyata keçirirlər. Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Bu sahəyə dövlət dəstəyinin artması fermerlərə torpaq resurslarından maksimum və səmərəli istifadə etməklə ildə iki dəfə məhsul götürmək imkanı verir.

Təkrar əkinlər üçün əsasən qarğıdalı bitkisinə üstünlük verilir. Təkrar qarğıdalı əkini həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya verilir.

Bu ildən isə fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Payız əkinlərinin biçinini başa çatdırmış fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər.

Bu, fermerlərə bir ildə ikinci dəfə subsidiya almaq imkanının tanınması deməkdir.

 

Bağa baxarsan...

Kənd təsərrüfatının dayanıqlı inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən biri də kənd təsərrüfatı məhsullarının ixrac potensialını gücləndirməkdir. Bunun üçün ölkəmizdə xüsusən də meyvəçilik sahəsində geniş imkanlar var və bu, müasir innovativ texnologiyalardan istifadə olunmaqla salınan intensiv bağların hesabına mümkündür. Bu səbəbdən dövlət intensiv bağların salınmasını dəstəkləyir və Aqrar Subsidiya Şurası belə meyvə bağlarına veriləcək subsidiyalar üçün ən yüksək əmsal müəyyənləşdirib. Qərara əsasən intensiv bağın salındığı ilk 4 il ərzində fermerə hər hektara görə 700 manat subsidiya ödəniləcək, 4 ildən sonra isə bağ sahibi bağın hər hektarına görə 240 manat subsidiya alacaq.

Bu məbləğ fermerlərin xərclərinin böyük hissəsinin dövlət tərəfindən qarşılanmasını təmin edir, eyni zamanda dövlət subsidiya mexanizmi vasitəsilə konkret sahələrin inkişafını stimullaşdırır.

Həmçinin, meyvə bağlarının salınmasının təşviq edilməsi məqsədilə intensiv bağlar üçün birdəfəlik subsidiya da nəzərdə tutulur. 2021-ci ildə 6 meyvə (portağal, naringi, limon, fındıq, zeytun, nar) üzrə intensiv üsulla salınacaq bağa görə birdəfəlik subsidiya ödəniləcək. Belə ki, yeni intensiv limon bağının salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə hər hektara 11000 manat, portağal və naringi bağlarına hər hektara 9000 manat, nar bağına hər hektara 5 min manat, zeytun bağına hər hektara 4900 manat, fındıq bağına isə hər hektara 4400 manat birdəfəlik əkin subsidiyası verilir.

Dövlət dəstəyinin bu formasından yararlanmaq üçün şərtlər çox sadədir. Əsas şərt bağın 2021-ci ildə salınmış olması, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş olması və damcı suvarma sisteminin qurulmuş olmasıdır. Burada məqsəd yeni mütərəqqi üsullardan, innovativ texnologiyalardan istifadəni təşviq etməkdir ki, bunun nəticəsində də istehsal xərclərinin azaldılması, məhsuldarlığın artırılması mümkündür.

 

Məhsul subsidiyası

Məhsul subsidiyası tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər kiloqramına görə əkin subsidiyasına əlavə olaraq verilir. Məhsul subsidiyası tətbiq ediləcək bitki növləri və əmsallar Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilir. Hazırda Şuranın qərarına əsasən, fermerlərin istehsal edib pambıq zavodlarına satdıqları pambığın hər tonuna 100 manat subsidiya alırlar. Yeri gəlmişkən qeyd edək ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən bu günlərdə pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat artırılıb. Bunun nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər.

Məlumat üçün bildirək ki, pambığın hər hektarına görə 260 manat əkin subsidiyası verilir.

Həmçinin tütün istehsalı da dövlət tərəfindən dəstəklənir. Belə ki, fermerlər istehsal edib təhvil verdikləri quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna isə 5 manat məbləğində subsidiya alırlar. Tütünün hər hektarına görə isə 320 manat əkin subsidiyası verilir.

İstehsalının stimullaşdırılması üçün həm də məhsul subsidiyası verilən daha bir məhsul isə şəkər çuğundurudur. Şəkər çuğundurunun satışına görə fermerlərə hər tona 4 manat subsidiya ödənilir. Bu məhsulun hər hektarına görə isə 320 manat əkin subsidiyası verilir.

 

İstehsal vasitələrinə güzəştlər

Toxum və ting subsidiyası. Məlum məsələdir ki, bol məhsul götürməyin ilkin şərtlərindən biri də keyfiyyətli əkin materialıdır. Buna görə də yüksək reproduksiyalı toxum və tinglərdən istifadəni stimullaşdırmaq üçün dövlət toxumçu fermerlərə subsidiya verir. Toxum və ting subsidiyası fermerlərə sertifikatlı (1-ci və 2-ci reproduksiyalı) toxumların və tinglərin satışına görə Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən kvotalara uyğun olaraq verilir.

Həmçinin elmi-tədqiqat qurumları tərəfindən orijinal, superelit və elit toxumların istehsalına çəkilən xərclər büdcə vəsaiti hesabına ödənilir.

Texnika güzəştləri. Son illərdə aqrar sahədə aparılan islahatların ən böyük töhfələrindən biri də ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdir. Bu işlərə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il dekabrın 20-də imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman vüsət verdi. Fərmanın məqsədi kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə idi. Artıq əminliklə demək olar ki, bu məqsədə nail olunub. Artıq kənd təsərrüfatı texnikası bazarı tam liberallaşıb. Bu işlə bir neçə ildir özəl şirkətlər məşğul olmaqdadır.

Bununla belə, texnika alışında fermerlərə dövlət dəstəyi davam etdirilir, fermer tərəfindən almaq istədiyi kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 %-i ödənildikdə, büdcə vəsaiti hesabına 40% güzəşt olunur.

Həmçinin, biçin prosesində operativliyi və çevikliyi təmin etmək, məhsulun vaxtında və itkisiz yığımını təşkil etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi bu prosesi nəzarətdə saxlayır, fermerlərə texnika dəstəyi verir.

Eləcə də dövlət soyuducu anbar və avadanlıqlarının güzəştli satınalınmasına dəstək verir. Bu avadanlıq və qurğuları əldə etmək üçün də fermer ilkin olaraq 20% vəsait ödəməklə 40% həcmində güzəşt əldə edir.

 

Dama dama göl olar...

İstehsal prosesində mütərəqqi üsullardan, innovativ texnologiyalardan, texnoloji yeniliklərdən, müasir texniki avadanlıqlardan istifadənin genişləndirilməsi də dövlət dəstəyi siyasətinin əsas hədəflərindəndir. Bu məqsədlə xüsusən yeni suvarma texnologiyalarından istifadə təcrübəsinin yayılması üçün bir sıra dövlət dəstəyi və təşviq tədbirləri həyata keçirilir. Məsələn, intensiv meyvə bağlarına subsidiyaların verilməsi zamanı damcı suvarma sisteminin tətbiqi şərt kimi qarşıya qoyulur.

Digər tərəfdən, müasir suvarma sistemləri qurğuları və dəstinin ölkəyə idxalı rüsum və vergilərdən azaddır. Həmçinin fermerlər tərəfindən bu avadanlıqların ilkin dəyərinin 20%-i ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40%-i həcmində güzəşt edilir .

Yeni suvarma texnologiyaları və sistemlərindən istifadə fermerlərə istehsal xərclərini azaltmağa, bununla da gəlirlərini artırmağa imkan verdiyi kimi, həm də təbii resurslardan səmərəli istifadəyə, kənd təsərrüfatı fəaliyyəti ilə ətraf mühitə zərər vermədən məşğul olmağa şərait yaradır.

Valeh İSMAYILOV,

Aqrar Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr

və beynəlxalq əməkdaşlıq bölməsinin baş mütəxəssisi.