Aqrar Sığorta Fondu nəticələri açıqlayıb
İQTİSADİYYAT

Aqrar Sığorta Fondu nəticələri açıqlayıb

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu ötən ilin nəticələrini açıqlayıb. Fonddan verilən məlumata görə, 2021-ci ildə toplanan sığorta haqlarının məbləği 11 milyon 261 min manata çatıb. 2021-ci ildə Aqrar Sığorta Fondu aqrar sığorta bazarının inkişafının əsas drayverinə çevrilib - Fondun aqrar sığorta üzrə bazar payı 92%-ə yüksəlib.

Bu dövrdə bütün ölkə üzrə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bitkiçilik sığortası üzrə 6 milyon 172 min manat sığorta haqqı yığılıb. Bu - 2020-ci ildə bitkiçilik sığortası üzrə yığılan məbləğlə müqayisədə 674 dəfə artıqdır. Əkinlərə verilən aqrar sığorta təminatının ümumi məbləği 336 milyon manat təşkil edib. Ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq, üzüm və fındıq sahələri olub.

Ötən il Aqrar Sığorta Fondu tərəfindən 18 836 baş heyvan sığortalanıb, toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib.

2021-ci ildə aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.

Fevralın 14-18 tarixlərində Türkiyə Respublikasının Kənd Təsərrüfatı sığortaları sistemi - TARSİM İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfərdə məqsəd Azərbaycanda TARSİM-in dəstəyi və təcrübəsindən istifadə etməklə yaradılan aqrar sığorta mexanizminin fəaliyyəti ilə tanışlıq, sistemin fəaliyyətə başlamasından ötən müddət ərzində əldə edilən nəticələrin təhlili, təcrübə mübadiləsi, eləcə də Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiqi imkanlarını müzakirə etməkdir.

Nəriman CAVADOV,

"Respublika".