Aqrar Sığorta Fondu və Dövlət Aqrar Universiteti  arasında əməkdaşlıq memorandumu
İQTİSADİYYAT

Aqrar Sığorta Fondu və Dövlət Aqrar Universiteti  arasında əməkdaşlıq memorandumu

Gəncədə Aqrar Sığorta Fondu (ASF) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

ASF-ın yaydığı məlumatda bildirilir ki, ADAU-nun rektoru İbrahim Cəfərov və Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun imzaladığı memorandum qurumlar arasında müxtəlif sahələrdə əməkdaşlığı – məlumat mübadiləsini, tələbələr üçün təcrübə proqramları və aqrar sığorta sistemində ADAU-nun məzunlarına işlə təmin olunma imkanının yaradılmasını nəzərdə tutur.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov aqrar sığortanın əhəmiyyətinə toxunub. Rektor bildirib ki, imzalanma iki qurum arasında böyük əməkdaşlığın başlanğıcıdır və ADAU-nun kollektivi aqrar sığortanın təbliği, bu sahənin inkişafı üçün tələb olunan işləri yerinə yetirməyə hazırdır.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkədə aqrar sığortanın əhatə dairəsinin sürətlə genişləndiyini, sığorta haqlarının 50%-nin dövlət tərəfindən ödənildiyini bildirib. Fond rəhbəri aqrar sığorta sistemində ADAU-nun tələbələri üçün geniş imkanların olduğunu bildirərək buna müstəqil aqrar sığorta ekspertləri institutunu nümunə göstərib.

ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri Məhərrəm Hüseynov ölkəmizdə aqrar sığortanın tətbiqini kənd təsərrüfatı və maliyyə-sığorta sistemi üçün mühüm yenilik adlandırıb. O, aqrar sığortanın əhatə dairəsinin genişlənməsini, eləcə də gələcəkdə indeks əsaslı sığortaya keçidin də vacib olduğunu qeyd edib.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.