Aqrar sığortaya həsr olunmuş onlayn beynəlxalq konfrans
İQTİSADİYYAT

Aqrar sığortaya həsr olunmuş onlayn beynəlxalq konfrans

Dünyanın aqrar sığorta sahəsində ixtisaslaşmış məşhur "Agro insurence" resursunun təşkilatçılığı ilə aqrar sığortanın inkişafı və yeni meyillərə həsr edilmiş onlayn konfrans keçirilib. Konfransın məqsədi Avropa və Asiyanın aqrar sığorta bazarlarının iştirakçıları arasında dialoqu fəallaşdırmaq, aqrar sığorta sahəsində, o cümlədən inkişaf edən bazarlarla bağlı aktual məsələləri müzakirə etməkdir.

Azərbaycanda yeni fəaliyyətə başlayan Aqrar Sığorta Fondu da ilk dəfə olaraq bu beynəlxalq tədbirə dəvət edilib. Konfransda Azərbaycanı Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov təmsil edib.

Firdovsi Ağaşirinov tədbirdə "Azərbaycanda aqrar sığortanın inkişafı: imkanlar və perspektivlər" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkədə aqrar sığortanın tətbiqi, sığorta şərtləri, prinsipləri, əhatə etdiyi risklər, predmetlər və gözlənilən dəyişikliklər barədə geniş məlumat verilib.

Konfransda Avropa və Asiyanın aqrar sığorta bazarları təhlil edilib, inkişaf etməkdə olan bazarlardakı imkanlar və problemlər açıqlanıb. Tədbirdə sığorta bazarının bütün seqmentləri - sığorta və təkrar sığorta şirkətləri, sığorta vasitəçiləri, brokerlər, eləcə də müxtəlif ölkələrin hökumət və rəsmi qurumlarının nümayəndələri iştirak edib. Onlayn konfransa maraqlı tərəflər qismində banklar və lizinq şirkətləri və fermerlər üçün avadanlıq istehsal edən şirkətlərin təmsilçiləri də qatılıb.

Tədbirə "Munich Re" (Almaniya), "Alliance Se" (Almaniya), "Polish Re" (Polşa), "Q-Re" (Qətər-İsveçrə), "Swiss Re" (İsveçrə), "Hannover Re" (Almaniya), "AXA XL" (İsveçrə), "Liberty Mutual Re" (Fransa), "Deutsche Ruckversicherung AG" (Almaniya) kimi iri təkrar sığorta şirkətləri, eləcə də "Aldaqi" (Gürcüstan), "TUW TUW" (Polşa), "Ubezpieczenia Pocztowe" (Polşa), "TUZ Ubezpieczenia" (Polşa), "İNQO" (Ukrayna), "Vereinigte Hagelversicherung" (Almaniya), "Österreichische Hagelversicherung" (Almaniya), "Schweizer Hagel" (İsveçrə) sığorta şirkətləri, Almaniya, Gürcüstan, Rusiya, Avstraliya və sair ölkələrin sığorta vasitəçiləri, eləcə də Gürcüstanın Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf Agentliyi (ARDA), aqrar sığorta məqsədləri ilə Yerin müşahidəsi təşkilatı (EO4I: GeoVille, Vito, CGI) (Avstriya-Belçika-Niderland, İtaliya), Türkiyə, Avstraliya və Yunanıstanın nümayəndələri qatılıb.

Nəriman CAVADOV,

"Respublika".