Artilleriya generalı Əliağa Şıxlinski
Tarixi şəxsiyyətlər

Artilleriya generalı Əliağa Şıxlinski

Onu hərb elminə verdiyi töhfələrə və ordu quruculuğundakı yenilik və xidmətlərinə görə "Artilleriyanın Allahı" adlandırırdılar. İstər keçmiş sovetlərin, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda göstərdiyi misilsiz  şücaətləri ilə Əliağa Şıxlinski dünya hərb tarixinin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun qurulmasında və formalaşmasında böyük əməyi olan, əfsanəvi sərkərdə, general Əliağa Şıxlinski 1865-ci il aprelin 23-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı kəndində kiçik mülkədar ailəsində anadan olmuşdur. Əliağa Şıxlinskinin  anası Şahyəmən xanım Qayıbova görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin nəvəsi idi. Çoxuşaqlı ailədə dünyaya gələn Əliağanın  atası onun  qərbyönümlü hərbi məktəbdə təhsil almasını istəyirdi. Elə bu məqsədlə də, 1875-ci ildə onu Tiflisə, Şahyəmən xanımın əmisi oğlu Mirzə Hüseyn Qaibzadə Əfəndinin yanına göndərir. Dövrünün  ziyalı və dindar bir şəxsi olan Mirzə Hüseyn Əfəndi kiçik Əliağanı öz himayəsinə götürərək təlim-tərbiyəsi ilə məşğul olur.

Əliağa Şıxlinski 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlamışdır. O, 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə başa vurmuşdur. Əliağa Şıxlinski 1904-1905-ci illər Rus-Yapon müharibəsində batareya komandiri kimi vuruşaraq Port-Artur qalasının müdafiəsi zamanı göstərdiyi qəhrəmanlığa görə "Qızıl qılınc"la mükafatlandırılmışdır. Əliağa Şıxlinski Birinci Dünya müharibəsi döyüşlərində qəhrəmanlıq göstərərək rus ordusunda general-leytenant rütbəsinə qədər yüksəlmiş, "Müqəddəs Stanislav" ordeninin hər üç dərəcəsi ilə, "Müqəddəs Anna" ordeninin hər dörd dərəcəsi ilə, "Müqəddəs Vladimir" ordeninin 2, 3 və 4-cü dərəcələri ilə, "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi və bir sıra  orden və medallarla, qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Müharibə bitdikdən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksəkixtisaslı hərbçi kimi hərbin sirlərini gənclərə tədris etmişdir. Böyük sərkərdə hərb elminin daha  dərindən mənimsənilməsi  üçün yazdığı "Səhra toplarının cəbhədə işlədilməsi" dərs vəsaiti 1910-cu ildə çap olunmuşdur. Digər hərbi əsərləri  isə topçu zabitlər üçün hazırlanmış "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı dərsliklərə daxil edilmişdir. Göstərdiyi xidmətlərə görə Ə.Şıxlinskiyə 1912-ci ildə general-mayor rütbəsi verilmişdir. O, Azərbaycanın ilk hərbi generallarından və  çar ordusunun aparıcı mütəxəssislərindən biri olmuşdur.

XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı olan Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixində özünəməxsus yer tutan   sərkərdə idi. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir.

Birinci Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırılır. Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin edilir.

Hərbi istedadı və bacarığı onun haqqında yüksək fikirlərin yaranmasına və şöhrətlənməsinə səbəb olmuşdur.  1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur edir. Elə həmin il iyunun 26-da təsis edilmiş ilk milli korpusun komandanı təyin edilir. Tam artilleriya generalı Əliağa Şıxlinski Cümhuriyyətin süqutuna kimi Azərbaycanın hərbi naziri Səməd bəy Mehmandarovun müavini vəzifəsində çalışır. Qısa zaman ərzində hər iki şəxsiyyətin gərgin əməyi nəticəsində Azərbaycan ordusu yaradılır. 1927-ci ildə rus imperiyası Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edir. Əliağa Şıxlinski qan tökülməsinin qarşısını almaq,  eyni zamanda 72 minlik düşmən qoşunu ilə vuruşmağın mümkün olmadığını nəzərə alaraq minalanmış körpülərin partladılmasına icazə vermir. İşğaldan sonra imperiya qüvvələri Azərbaycan Ordusunu hissə-hissə dağıdır. Lakin Sovet imperiyası hər iki dahi şəxsiyyətə - Səməd bəy Mehmandarova və Əliağa Şıxlinskiyə toxunmur. Çünki hər iki şəxsiyyət ixtisaslı hərbçi kimi əvəzolunmaz idi.

Əliağa Şıxlinski bir müddət Moskvada Hərbi İnqilab Sovetinin Səhra Qərargahında çalışır. 1921-ci ilin yayında isə Azərbaycan Sovet Qoşunları Qərərgahına göndərilir. Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi fəaliyyət göstərir. 1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirən Şıxlinski məhz buna görə, SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif edilir. 1929-cu ildən istefaya çıxan general-leytenant bir çox orden və medallarla, Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.

Öz həyat təcrübəsini və keçdiyi hərbi yolu qələmə alan Əliağa Şıxlinski 1942-ci ildə "Xatirələrim" adlı hərbi memuar yazır. Kitab generalın ölümündən doqquz ay sonra 1944-cü ildə çap olunur. Böyük sərkərdə, hərb elminin bilicisi Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edir. Onun dəfn mərasimini isə filosof alim Heydər Hüseynov təşkil edir. Deyilənlərə görə,  Heydər Hüseynovun Şıxlinski şəxsiyyətinə, sərkərdəlik fəaliyyətinə, elmi-publisistik yaradıcılığına böyük rəğbəti olub. Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də Bakıda vəfat edib.

Ramidə YAQUBQIZI,

"Respublika".