Arximandrit Aleksiy: Ölkəmizdə sülh və firavanlıq tədricən bərpa olunur
MÜSAHİBƏLƏR

Arximandrit Aleksiy: Ölkəmizdə sülh və firavanlıq tədricən bərpa olunur

Azərbaycan sakinləri xoşbəxt adamlardır, çünki bu ölkədə zəngin təbii ehtiyatlar, dəniz, Böyük və Kiçik Qafqaz dağları, Muğan düzü, Talış meşələri kimi sərvətlərin olması insanların sülh şəraitində və firavan yaşaması üçün əlverişli şərait yaradır.

AZƏRTAC xəbər verir ki, Bakı Yeparxiyasının katibi, Müqəddəs miradaşıyan qadınlar kafedral kilsəsinin baş keşişi, arximandrit Aleksiy bu sözləri Milad ibadəti başa çatandan sonra jurnalistlərə müsahibəsində söyləyib.

O deyib: "İncildə İsa peyğəmbərin mövludundan bəhs edilən hissədə deyilir ki, Milad gecəsi mələklər göydə Allahı, yerdə sülhü, insanlarda lütfkarlığı vəsf edirlər. Bizim ölkədə yaşayan insanlar bilirlər ki, onlara verilmiş nemətlər Tanrı tərəfindən göndərilib. Buna görə insanlar Tanrıya təşəkkür edilər. Ölkəmizin sakinlərinin xoş xasiyyəti, qonaqpərvərliyi bununla bağlıdır. Buraya gələn hər kəs səmimi, qayğıkeş və qonaqpərvər bir mühitə düşür. 44 günlük müharibədə Qələbədən sonra Azərbaycan öz tarixi ərazilərini geri qaytarıb. Təzəcə daxil olmuş 2020-ci il Şuşa İli elan edilib. Bu o deməkdir ki, ölkəmizdə sülh və firavanlıq tədricən bərqərar olur. Burada yaşayan insanlar həmişə rifah içində olacaqlar".

Arximandrit Aleksiy ölkəmizin bütün sakinlərini Milad bayramı münasibətilə təbrik edərək deyib: "Azərbaycanda müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri həmrəylik və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Biz Novruz bayramını birlikdə qeyd edirik, müxtəlif dinlərə etiqad bəsləyən qonşular bir tonqal ətrafında toplaşır, onun istisinə qızınır və bu, baharın gəlişindən xəbər verir. Qurban bayramında, müqəddəs Ramazan ayında da müsəlmanlar kimin xristian, kimin müsəlman və ya yəhudi olmasının fərqinə varmadan hamını qonaq edirlər. Yəhudilər, talışlar, tatarlar, udinlər ilə bərabər biz də bu bayramları birlikdə qeyd edirik. Ona görə də İsanın mövludu Azərbaycanda təkcə xristianlar üçün deyil, hər kəs üçün bayramdır, çünki İsa Məsihin bu diyara bəxş etdiyi nemətlərə, ilk növbədə sülhə hamımızın ehtiyacı var. Qoy bu gün hər bir ailədə, hər bir evdə əmin-amanlıq, firavanlıq, sevgi və səmimiyyət olsun".

AZƏRTAC