2002-ci il sentyabrın 18-də Səngəçal terminalında BTC-nin təməlqoyma mərasimi keçirilib
Cənubi Qafqazda zəngin neft yataqlarına malik ölkəmiz məhz bu səbəbdən hər zaman dünyanın diqqət mərkəzində olub. Ərəb tarixçisi, coğrafiyaşünas və səyyah Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, italyan səyyahı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə daşınması haqqında məlumatlar vermişdir. Hələ XIX əsrin əvvəllərində dünyada ilk dəfə Abşeron yarmadasının Bibiheybət qəsəbəsində sahildən 30 metr aralıda əl üsulu ilə qazılan quyudan neft hasil edilmişdi.
İkinci Dünya müharibəsində SSRİ-nin qələbə qazanmasında Bakı nefti mühüm rol oynayıb. Nəhəng bir imperiyanın əsas neft mərkəzi olan Bakı SSRİ-də hasil edilən neftin təxminən dörddə üçünü təşkil edirdi.
Böyük Vətən müharibəsindən sonra da Azərbaycan nefti İttifaqın iqtisadiyyatında əsas inkişaf seqmenti idi. Və beləcə 70 il bizə məxsus olan "qara qızıl" dünyanın altıdabir hissəsini zəbt etmiş imperiyanın məqsədlərinə xidmət edirdi. Nəhayət, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz öz sərvətlərindən istifadə şansı qazandı. Lakin həmin illər Azərbaycan daxilində baş verən mürəkkəb ictimai-siyasi hadisələr təbii sərvətlərdən istifadəni olduqca çətinləşdirirdi. Buna baxmayaraq, xarici investorlar Xəzər dənizinin Azərbaycan sektorunda zəngin neft yataqlarını istismar etmək üçün Bakıya üz tuturdular. Danışıqlar çərçivəsində karbohidrogen yataqlarından istifadə olunması ilə yanaşı, əsas müzakirə obyektlərindən biri də həmin məhsulun daşınması məsələsi idi. Bu xüsusda, bir çox layihələr təklif kimi irəli sürülürdü. Məhz Bakı-Ceyhan boru kəmərinin gündəmə gəlməsi də bu illərə təsadüf edirdi. Türkiyə rəsmiləri Azərbaycan dövlətini və ölkəmizə sərmayə qoymağa can atan neft şirkətlərini inandırmağa çalışırdı ki, Bakı-Ceyhan Xəzər neftinin Avropaya daşınması üçün ən məqbul marşrutdur. Bu layihənin reallaşmamasının əsas səbəblərindən biri də xəttin Ermənistandan da keçməsi idi. Məlum olduğu kimi, 90-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, bu marşrutu mümkünsüz edirdi. Amma çox təəccüblüdür ki, bu dönəmdə Azərbaycana rəhbərlik edən AXC-Müsavat cütlüyü layihənin reallaşacağına sadəlövhcəsinə ümid bəsləyirdilər.
Azərbaycanda baş verən daxili çəkişmələr bir müddət iri neft şirkətlərinin ölkəmizə sərmayə qoyuluşunu ləngitdi. Bununla yanaşı, təzəcə müstəqilliyini bərpa etmiş Azərbaycanın nəhəng layihələrə qoşulmasına da bəzi dövlətlər ciddi surətdə mane olmağa çalışırdılar. Xüsusilə, Xəzərin statusu kimi qondarma bir məsələnin Şimal qonşumuz tərəfindən ortalığa atılması Azəri-Çıraq-Günəşli yataqlarından istifadəyə qarşı olduqlarını bariz şəkildə göstərirdi. Həmin ərəfələrdə xalqın təkidli xahişi ilə hakimiyyətə gələn Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" Sazişinin bağlanmasına nail oldu. Ümummilli liderin neft strategiyası sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkətlərinin (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında" məhsulun pay bölgüsü"nə dair müqavilə imzalandı. Bununla da ölkəmiz dünyaya inteqrasiya etmək imkanı qazandı və çox keçmədi ki, iqtisadiyyatımızda dirçəliş baş verdi. İlk olaraq Azərbaycan nefti dünya bazarlarına Bakı-Novorossiysk, Bakı-Supsa vasitəsilə çıxış əldə etdi.
Lakin Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri istehsalı ilbəil artan Azərbaycan neftinin daşınmasını tam olaraq qarşılaya bilmirdi. Bu baxımdan, yeni marşrutun çəkilməsi zərurəti yaranmışdı. Ona görə də ulu öndər Heydər Əliyev uzun illər müzakirə olunan, amma həyata keçirilməsi müəyyən səbəblərdən ləngiyən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsini qətiləşdirən addımlar atdı. İlk dəfə bu kəmərin əsas ixrac boru kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi isə 1998-ci il aprelin 26-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Nəticədə 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in Zirvə toplantısı çərçivəsində xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə BTC əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalandı. BTC layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında "İstanbul Bəyannaməsi" imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin və ABŞ-ın energetika nazirinin iştirakı ilə BTC əsas ixrac boru kəmərinin təməli qoyuldu.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan BTC kəmərinin tikintisinə 2003-cü ilin aprelində başlanılıb və 2005-ci ilin aprelində inşaat işləri sona çatıb. Həmin il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə BTC boru kəmərinin Azərbaycan hissəsinin açılış mərasimi keçirilib.
Beləliklə, bu kəmərin reallaşması iqtisadiyyatımızı möhkəmləndirməklə yanaşı, ölkəmizin siyasi arenada nüfuzunun artmasına da səbəb oldu. Həm də ölkə daxilində islahatları uğurla həyata keçirməyə, əlverişli biznes mühiti yaratmağa təkan verdi və əhalinin yaşayış səviyyəsinin yüksəlməsində əsaslı rol oynadı.
Musa BAĞIRLI,
"Respublika".