Arzusu Qarabağın işğaldan azad olunması idi
Region

Arzusu Qarabağın işğaldan azad olunması idi

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman Vətən övladlarından biri də  Səyavuş Hümbət oğlu Kəlbalıyevdir. Səyavuş Kəlbalıyev 1987-ci il oktyabr ayının 16-da Cəbrayıl rayonunun Horovlu kəndində andan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində alıb. Orta məktəbdə oxuyarkən hərb sahəsinə sonsuz maraq göstərmişdir. Bu marağın bir səbəbi də doğma torpaqların vandal ermənilərdən xilas edildiyi günlərin iştirakçılarından olmaq idi.

Elə bu müqəddəs arzu ilə Səyavuş 2005-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Respublikanın müxtəlif bölgələrində hərbçi kimi xidmətini davam etdirmişdir. Cəbrayıl-Beyləqan rayonu üzrə kəşfiyyat idarəsinin rəisi idi. Vətənimizin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında mayor Kəlbalıyev Səyavuş Hümbət oğlu 29 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Peşəkar hərbçi Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb.

Mayor Səyavuş Kəlbalıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  “Vətən uğrunda”, “İgidliyə görə”  və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmidir.

Tofiq HÜSEYN,

“Respublika”.