Arzusu torpaqlarımızı azad görmək idi...
Sosial həyat

 Arzusu torpaqlarımızı azad görmək idi...

Vətəni canı bahasına qoruyan daha bir qəhrəmanımız şəhidi Əliyev Malik Təvəkkül oğlu 26 dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 5 saylı məktəbdə, Heydər Əliyev adına liseydə təhsil alıb. 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına daxil olub. 2008-ci ildə təyinat ilə  “N” saylı  Xudat hərbi dəstəsi komendant bölük komandiri kapitanı vəzifəsində işə başlayıb. 2010 və 2011-ci illərdə Çində 6 aylıq kursda və Azərbaycandan gedən kursantların komandiri vəzifəsində olub. Hər iki kursu fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə Türkiyənin Ankara şəhərində kursda iştirak edib. 2015-ci ildə Xudatdan  “N” saylı Horadiz sərhəd dəstəsinə komendaturanın qərargah rəisi vəzifəsinə təyin olunub. 2016-cı ildə DSX-nin Akademiyasında kursa cəlb edilən Malik 2017-ci ildə DSX-də fiziki hazırlıq üzrə işə başlayıb. 2018-ci ildə mayor rütbəsi alıb. 2018-ci ildə Türkiyədə kursda iştirak edib. 2020-ci ilin fevral ayında DSX-nin Çevik Hərəkət Qüvvələri Komandanlığında döyüş hazırlığı üzrə şöbənin rəis müavini üzrə işə başlayıb. 2020-ci ilin iyun ayında Qazaxda təlimlərə qatılıb.

2020-ci il iyun ayından başlayaraq Tovuz, Daşkəsən rayonlarında baş vermiş erməni insidentləri zamanı həmin ərazilərdə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli istiqamətindəki döyüşlərə qatılıb. Cəbrayıl və Hadrut rayonlarının alınmasında iştirak edib.

Döyüşdə olduğunu öz ailəsinə bildirməyib. Onlar narahat olmasın deyə hər dəfə ailəsi ilə danışanda “hər şey yaxşıdır, mən yaxşıyam”deyirmiş. Şəhid olmazdan 3 gün əvvəl, yəni oktyabr ayının 10-u 4 yaralı igidimizi qurtarıb, onlardan birini və komandirini Bakıya gətirib. Burada - Bakıda sonuncu dəfə ailəsi ilə görüşüb. Evindən son dəfə ayrılan Malik cəbhəyə yola düşüb. Döyüşdə olarkən qohumlarına səs yazısı göndərərək hər biriniz səfərbərliyə hazır olun və onlara “Biz gələcəyə itirilmiş torpaqlar qoyaraq ölə bilmərik” demişdir. Onun tək arzusu torpaqlarımızın azadlığı idi. Malik  oktyabrın 13-də  kəşfiyyatdan qayıdarkən Cəbrayıl istiqamətində geden ağır döyüşlər zamanı 5 yaralı igidimizin həyatını qurtarmağa çalışarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid mayorun sağlığında aldığı medalları bunlardır: “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 90”, yubiley medalı, “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”  yubiley medalı, Silahlı Qüvvələri 10 il Qüsursuz Xidmətə görə 3-cü dərəcəli medal. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru Malik Əliyev II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Malik Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə  təltif edilib. 1 qızı yadigar qalıb.

Heç kim unudulmur, heç kim yaddan çıxmır. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək  şəhidlik  zirvəsinə  ucalmaq isə ən böyük şərəf və qürurdur.

                                                                                                          M.MİRZƏ, 

                                                                               “Respublika”.