Aşağı Köndələnçay Su Anbarının tarixi əhəmiyyəti
Digər xəbərlər

Aşağı Köndələnçay Su Anbarının tarixi əhəmiyyəti

Ötən əsrin 80-ci illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə tikilən bu su anbarı Füzulinin min hektarlarla əkin sahələrini suvarırdı.

Ötən il dekabrın ilk günlərində Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, işğaldan azad edilən torpaqlar böyük təbii sərvətlərə, zəngin meşə sahələrinə, bol su mənbələrinə malikdir. Bizim böyük çayımız -uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Demək olar ki, 10-dan çox kiçik və böyük çayımız öz mənbəyini işğaldan azad edilmiş bölgələrdən götürür. Tərtərçay — 200 kilometr, Bazarçay — 180 kilometr, Xaçınçay-120 kilometr — Kəlbəcər rayonunda yerləşir. İşğaldan azad olunmuş torpaqların və orada həyatın bərpası üçün çay, digər su mənbələrimiz çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfəri zamanı Aşağı Köndələnçay Su Anbarında olarkən biz bunun bir daha şahidi olduq. Dövlət başçısına su anbarı, onun tutumu, vəziyyəti və s. barədə ətraflı məlumat verildi. Qeyd edək ki, bu su anbarı ötən əsrin 80-ci illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə tikilib. Əsas məqsəd böyük kənd təsərrüfatı rayonu olan Füzulinin min hektarlarla əkin sahələrini suvarma suyu ilə təchiz etmək idi.

1993-cü ildə Füzuli rayonu ermənilər tərəfindən işğal edildikdən sonra bu su anbarından Azərbaycanın istifadə etməsi mümkün olmadı. Erməni qəsbkarları 9,5 milyon kubmetr su tutumu olan, 62 min hektar sahəni suvarmağa imkan verən bu su anbarının qabağını kəsib, 30 il ərzində Azərbaycana qarşı ekoloji terroru davam etdirdilər. Azərbaycan tərəfinin suya ehtiyacı olmadıqda isə, anbarı açıb suyu hara gəldi buraxır, bizim üçün ciddi problemlər yaradırdılar.

44 günlük şanlı müharibə başa çatdı, biz düşməni torpaqlarımızdan qovub Köndələnçay və Suqovuşan su anbarlarına nəzarəti ələ keçirdik.

Prezidentin dediyi kimi, indi bizim bütün su ehtiyatlarımız, göllərimiz, su anbarlarımız öz əlimizdədir. Bu sulardan daha səmərəli istifadə etmək məqsədilə su anbarından ayrılan köhnə kanallar təmir edilir, həmçinin, yeni kanalların çəkilməsi də nəzərdə tutulur.

İşğal və müharibə dövründə Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy rayonlarının əkin sahələri sudan əziyyət çəkirdi. 100 min hektarlarla əkin sahələri susuz qalmışdlı. Vəziyyətdən çıxmaq üçün yüzlərlə subartezian quyusu qazmağa məcbur olmuşduq.

Müharibədən sonra dövlət başçısı Köndələnçay Su Anbarının mövcud vəziyyətini öyrənmək, təhlil etmək və dəyən ziyanı, dağıntıları, problermləri araşdırmaq məqsədilə bir qrup heyət göndərdi. Məqsəd bu idi ki, həyat bu bölgəyə qayıtdıqda biz sudan səmərəli istifadə edə bilək.

44 günlük şanlı müharibə başa çatdıqdan sonra biz Suqovuşan Su Anbarından (30 min hektardan çox əkin sahəsinə su verir), habelə Xaçınçay Su Anbarından istifadə etməyə başladıq.

Qeyd edək ki, Köndələnçay üzərində mövcud 3 su anbarının birlikdə su tutumu 15,5 milyon kubmetrdir. Bu üç su anbarının ən böyüyü Aşağı Köndələnçay Su Anbarıdır. Bu su anbarlarından birlikdə istifadə nəticəsində 6200 hektar əkin sahəsini suvarmaq mümkün olacaq.

İndi Köndələnçay Su Anbarı bizim əlimizdədir və əbədi olaraq da bizim olacaq.

Nəriman CAVADOV,

“Respublika”.