“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ
Hüquqi aktlar

“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının 

2022-ci il 20 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq edən, bu sahədə mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə həmin sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.

Maddə 3. Taxılma qaydası

“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.