Aşıq sənəti milli mədəniyyətimizin incisidir
Mədəniyyət

Aşıq sənəti milli mədəniyyətimizin incisidir

Aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayır. Ona görə də Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması mədəniyyətimizin qarşısında duran vəzifələrdəndir. Fərəhləndirici haldır ki, son dövrdə bu iş ardıcıl şəkildə, elmi əsaslarla, yüksək səviyyədə aparılır. Zəngin mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği həm xalqımızın mənəvi təkamülünə, həm də dünya mədəniyyətinin bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir.

Bir aşıq sanki bir ansamblı əvəz edir. Eyni zamanda, o, mizrab vurur, oxuyur, danışır və rəqs edir. Aşıq sadəcə ifaçı deyil, o, həm də bəstəkardır, şairdir, kamil poeziya nümunələri yaradır. Aşıq eyni zamanda salnaməçidir, şahidi olduğu həyat hadisələrini eldən-elə daşıyır. Nağıl, dastan, atalar sözü, bayatılarımızın yaşadılmasında, yayılmasında da aşıqların xidməti əvəzsizdir.

Biz ulu öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi həssas münasibətə sadiq qalaraq aşıq sənətinin inkişafı, dünyada tanıdılması üçün əlimizdən gələni edirik. Ölkəmizdə aşıq sənətinin inkişafına geniş imkanlar açılmışdır. Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bunun əyani sübutudur.

Aşıq sənəti nə qədər sadə, xəlqi olsa da, özündə olduqca zəngin, mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir. Ulu ozan Dədə Qorqudun xeyir-duasıyla əsrlərdən bəri yol gələn aşıq sənəti ustad el şairlərini yetişdirmişdir. Onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Hüseyn Şəmkirlinin, Molla Cümənin, Aşıq Ələsgərin, Aşıq Alının, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Şəmşirin və başqa el sənətkarlarının şeirləri, dastanları, gözəl sənət nümunələridir. Bu sənət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təkan göstərmiş, bu gün də təsir göstərməkdədir.

Tədqiqatlar, araşdırmalar göstərir ki, aşıq sənətinin türk dünyasında ən çox inkişaf etdiyi məkan Azərbaycandır. Azərbaycan aşıq sənəti heç vaxt dar bir məkana qapanıb qalmayıb. Bütövlükdə regionun, yerləşdiyimiz coğrafiyanın problemləri ilə bağlı fikirlər burada öz əksini tapıb. Aşıq sənəti yaranıb formalaşdığı dövrün xüsusiyyətlərini özündə daşıyıb, dövrün tarixi ilə sıx bağlı olub.

Aşıq sənətində bizim istedadlı ifaçılarımız olub. Bir-birindən zəngin olan, özünəməxsusluğu ilə fərqlənən aşıq məktəblərimiz var. Borçalı, Qazax-Tovuz-Şəmkir, Gədəbəy, Şirvan, Göyçə, Cənubi Azərbaycan aşıq məktəbləri daim öz adları ilə seçilib. Aşıq sənətini təbliğ etmək üçün ardıcıl, sistemli iş aparılır.

Kökü yüzilliklərin dərinliklərindən gələn, zəngin musiqi və söz resurslarına, teatral keyfiyyətlərə malik olan ozan-aşıq sənəti dilimizin, ruhumuzun qorunmasında, milli istiqlal, milli dövlətçilik düşüncəsinin daşınmasında, qəhrəmanlıq, yurdsevərlik duyğularının aşılanmasında tarixən olduğu kimi, bu gün də misilsiz rol oynamaqdadır.

Ulu öndərimiz Heydər Əliyevin “milli varlığımızın möhtəşəm abidəsi” adlandırdığı “Dədə Qorqud” eposu və həmin ənənənin davamı olan “Koroğlu” dastanı xalqımıza məxsus mənəvi mədəniyyətin şah əsərləri kimi, məhz ozan-aşıq sənətinin bağrından qopmuşdur. Milli musiqi mədəniyyətimizin nadir incilərindən olan Üzeyir Hacıbəyovun “Koroğlu” operası aşıq musiqisi və eposu mədəniyyətimizdən qaynaq götürmüşdür. Bir çox Azərbaycan və xarici ölkə bəstəkarları öz əsərlərində dəfələrlə aşıq musiqisindən bəhrələnmişlər.

“Aşıq el aşığıdır, haqqın səsidir” -qənaətində olan xalqımız yüz illər boyunca öz ustad sənətkarlarına xeyir-bərəkət gətirən ülvi bir simvol kimi yanaşmışdır. Musiqiçi, şair, aktyor, rəqqas kimi sintetik keyfiyyətləri unikal şəkildə özündə birləşdirən saz-söz ustadları cəmiyyətin mənəvi həyatını istiqamətləndirən, eposun milli-mənəvi keyfiyyətlərini qoruyub möhkəmləndirən nüfuz və ehtiram sahibləri olmuşlar. Yüzillər boyunca onlar hərbi-siyasi və etnoqrafik mərasimlərin təşkilində yaxından iştirak etmişlər.

Ulu babamız Şah İsmayıl Xətai sazın-sözün milli-mənəvi həyatdakı yerinə böyük dəyər vermişdir.

Aşığa xalqın məhəbbət və rəğbətini milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 1875-ci ildə buraxılmış ilk saylarının birində belə ifadə etmişdir:

“Bir baxın, bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara. Bu zaman bu qulaq asanlar elə hala gəlirlər ki, ətini kəssən də xəbəri olmaz”.

Çoxəsrlik aşıq poeziyasını əlçatmaz, əzəmətli bir dağa bənzətsək, bu dağın zirvəsində sənət qartalı olan, XIX əsrin müdrik ozanı Göyçəli aşıq Ələsgər dayanır. 2021-ci ildə aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca zirvələrindən sayılan Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi keçiriləcək. Bu məqsədlə ölkəmizdə geniş hazırlıq işləri aparılır.

Ümumiyyətlə, aşıq sənəti milli mədəniyyətimizin incisidir. Aşıq sənəti Azərbaycan xalq ədəbiyyatının, həm də mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrinə malik qollarından biridir.

Qədir ASLAN,

“Respublika”.