Asiya regionunda sabitlik mövcud münaqişələrin nizamlanmasından asılıdır
Siyasət

Asiya regionunda sabitlik mövcud münaqişələrin nizamlanmasından asılıdır

Bu gün beynəlxalq münasibətlər sistemində müəyyən gərginliklər müşahidə olunmaqdadır, dünyada gedən müxtəlif xoşagəlməz proseslər də narahatlıq yaradır. Əlbəttə ki, silahlı münaqişələr, terrorizm, irqçilik, radikalizm, dözümsüzlük və kiber təhlükələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər doğurur. Beynəlxalq və regional təhlükəsizlik isə bir-birilə sıx bağlıdır. Dünyanın hər hansı bir bölgəsində sülh və sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlərə yol açır. Bu təhdidlər isə region ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.

Asiya regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi bu gün ümumi məqsədə çevrilib və bu mənada bütün sahələrdə birgə əməkdaşlığa önəm verilməli, regionda mövcud olan tolerantlığın qorunması üçün, birgə əməkdaşlığın inkişafına maneə törədən qüvvələrə, təhdidlərə qarşı birlikdə mübarizə aparılmalıdır.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müxtəlif vaxtlarda keçirilən toplantılarında da əsasən bu məsələlər müzakirəyə qoyulur. Üzv dövlətlər birmənalı şəkildə Asiya qitəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından dialoq və əməkdaşlıq platforması olan bu qurumun fəaliyyətinin genişləndirilməsini vacib bilirlər. Burada, həmçinin Asiya regionunda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, mehriban qonşuluq, daxili işlərə qarışmamaq prinsipləri əsasında əməkdaşlığın qurulmasına önəm verilir, narkotik qaçaqmalçılığının nüvə silahının yayılmasının qarşısının alınmasının, terror qruplaşmalarına qarşı mübarizənin zəruriliyi diqqətə çatdırılır, qədim İpək Yolunun bərpasına dəstək ifadə olunur.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı 2012-ci il sentyabrın 12-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmişdir. Toplantı çərçivəsində Qazaxıstanın prezidenti Nursultan Nazarbayev İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşmüş, İranın sülhməramlı fəaliyyəti barədə müzakirələr aparmışdır. Nursultan Nazarbayev İranın sülhməramlı nüvə fəaliyyətini dəstəklədiyini deyib, həmçinin İran-Türkmənistan və Qazaxıstan ortaq dəmir yolu layihəsinin tamamlanmasının zəruriliyini bildirib.

Regionda sülhün bərqərar olmasında Azərbaycanın mövqeyini açıqlayan Prezident İlham Əliyev deyib: “Biz təhlükəsizlik tədbirlərinə kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir”.

2014-cü il mayın 21-də Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə toplantısının birinci iclasını Çin Xalq Respublikasının sədri Si Cinpin açaraq ilk növbədə dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkdi, bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğuladı. Bildirdi ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq Müşavirə iştirakçısı olan ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır. Müşavirənin bundan əvvəl Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini, bir çox vacib qərarların qəbul edildiyini, Qətərin və Banqladeşin Müşavirəyə bərabərhüquqlu üzv qəbul olunduğunu diqqətə çatdırdı. O, Zirvə toplantısını əsas müzakirə mövzusunun regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini dedi.

Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi ki, bu Müşavirə dörd milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir. Müşavirənin təhlükəsizlik baxımından yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar açdığını deyən Ə.Davudoğlu qurumun digər beynəlxalq təşkilatlarla əlaqələrinə də toxundu. Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər Müşavirəyə Çinin sədrlik edəcəyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan-Çin əlaqələrinin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıqdan, son iki il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında birgə fəaliyyətdən söz açmış, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkürünü bildirmiş, quruma sədrliyi dövründə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri müzakirəyə çıxardığını qeyd etmiş, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi üçün irəli sürdüyü təşəbbüslərdən danışmışdır. Həmçinin, terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlərin bir-biri ilə sıx bağlı olduğunu və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasının zəruriliyini bildirmişdir: “...Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir. Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq  terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub”.

Sonra Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələrdən, bu layihələrin geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaratdığını, həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrildiyini demişdir: “Ölkəmizin neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür. Bununla Azərbaycan Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Düşünürəm ki, bu əməkdaşlığın daha böyük perspektivləri vardır. Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilərək, iki qitənin nəqliyyat təhlükəsizliyində vacib rol oynamağa başlayır. Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr  yatırmışdır. 2003-2014-cü illər ərzində ölkənin nəqliyyat sahəsinə 21 milyard ABŞ dollarına yaxın investisiya, o cümlədən avtonəqliyyat sektoruna 13,6 milyard, dənizçilik sektoruna 1,3 milyard, hava nəqliyyatına isə 2,7 milyard ABŞ dolları vəsait qoyulmuşdur”.

Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə toplantısında Bəyannamə qəbul edilmiş və bu sənəddə Azərbaycan üçün önəmli müddəalar əksini tapmışdır.

2019-cu il iyunun 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Düşənbədə keçirilən beşinci Zirvə toplantısında ölkəmizi Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədov təmsil etmişdir. Zirvə toplantısında çıxış edən sabiq Baş nazir Novruz Məmmədov tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmona təşəkkürünü bildirmiş, quruma Tacikistanın sədrliyinin Asiya regionunda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni əhəmiyyətli platforma adlandıran Azərbaycan nümayəndəsi demişdir: “Düşənbədə keçirilən Zirvə toplantısına dünyanın 27 ölkəsinin dövlət və hökumət başçıları, nümayəndə heyətləri qatılıblar. Əlbəttə ki, bu toplantıda dünyada, o cümlədən Asiyada gedən proseslər ətraflı müzakirə olunacaq, regionda sabitliyin, təhlükəsizliyin təmini üçün atılmalı addımlar müəyyənləşdiriləcək”. O, daha sonra qeyd edib ki, bu gün dünya əhalisinin üçdə ikisinin, təxminən 4 milyarda yaxın insanın Asiya qitəsində yaşadığını nəzərə alsaq, bu tədbir planetimizin gələcək təhlükəsizliyinin təmin olunması, qlobal sülhün bərqərar edilməsi, qarşılıqlı etimadın müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır: “Əlbəttə ki, bu Zirvə toplantısında Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərimi bildirəcəyəm. Ümumiyyətlə, dünyada mövcud olan gərginliyi yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yolları müəyyənləşdirilməlidir. Çünki məhz bunlar dünyamızı hazırki vəziyyətə gətirib”.

Azərbaycanın bu gün hərtərəfli və dinamik inkişafı yolu ilə irəlilədiyini deyən N.Məmmədov bildirmişdir: “Biz nəqliyyat infrastrukturuna -- dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm də beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir”.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb. Birinci və ikinci Zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilib. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 24 üzvü var.

Zümrüd QURBANQIZI,

“Respublika”.