AŞPA məruzəçisi: Hazırladığım hesabat münaqişənin məhz humanitar nəticələrini əks etdirməyə yönələcək
Digər xəbərlər

AŞPA məruzəçisi: Hazırladığım hesabat münaqişənin məhz humanitar nəticələrini əks etdirməyə yönələcək

İyulun 26-da Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavanla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı hazırlanacaq hesabatın əsas mövzusu, qarşıda duran məsələlərin siyasi həlli üçün perspektivləri, beynəlxalq ictimaiyyətin proseslərə cəlb olunması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dünyada mina ilə “çirkləndirilmiş” əsas ərazilərdən olması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AŞPA məruzəçisi Pol Qavan hazırladığı hesabatın münaqişənin məhz humanitar nəticələrini əks etdirməyə yönələcəyini diqqətə çatdırıb, səfəri çərçivəsində mümkün qədər ətraflı məlumat əldə edib hesabatın hərtərəfli hazırlanmasına səy göstərəcəyini qeyd edib.

Nazir müavini Elnur Məmmədov, eyni zamanda, İrlandiya Senatının üzvü olan AŞPA deputatı Pol Qavanın yekun hesabatda sözügedən münaqişənin ağır nəticələri, Birinci Qarabağ müharibəsində 4000-dək azərbaycanlının itkin düşdüyü, bu dövr ərzində azərbaycanlıların Ermənistan ərazisində və işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlənməyə məruz qaldığı, nəticədə 1 milyonadək azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyinin diqqət yetirilməli məqamlar olduğunu vurğulayıb.

Məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı hazırda iki əsas problemin - ermənilərin işğal dövründə Azərbaycan torpaqlarında bütün yaşayış infrastrukturunu dağıdıb viran qoyduqları və bu ərazilərdə həm işğal dövründə, həm də 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarını tərk edərkən minalar yerləşdirdiyi, məhz bu səbəblərdən məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıtması üçün müəyyən müddət tələb olunduğu - mövcud olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir müavini, beynəlxalq ictimaiyyətin bütün mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq etməklə bu məsələdə yardımçı ola biləcəyini vurğulayıb.

AZƏRTAC