AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
Digər xəbərlər

AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb

Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş minaların xəritələrinin verilməsinin təcililiyini tələb edən bəyanat yayıb. Bəyanat Avropa Şurası Parlament Assambleyasının saytında dərc olunub.

AZƏRTAC xəbər verir ki, ermənilərin basdırdığı minaların törədəcəyi insan itkilərinin qarşısını almaq məqsədilə azərbaycanlı və avropalı parlamentarilər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın uzun illər davam edən münaqişəyə son qoyduğunu, bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün müstəsna perspektivlər açdığını diqqətə çatdırıblar.

Bildirilib ki, bütün bunlara baxmayaraq, azad edilmiş ərazilərdə kütləvi şəkildə yerləşdirilmiş minalar münaqişədən sonrakı yenidənqurma işlərinə ciddi maneə törədir və günahsız insanların ölümünə səbəb olur. Ermənilərin yerləşdirdiyi minalar yüz minlərlə məcburi köçkünün doğma evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun həyata keçirilməsinə zərbə vurur.

Bəyanatda müharibədən sonra minalardan 140 azərbaycanlının həlak olduğu və ya yaralandığı vurğulanıb. Cari il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda üç mülki şəxsin - iki media nümayəndəsinin və bir icra hakimiyyəti nümayəndəsinin ermənilərin basdırdıqları minaya düşərək həlak olduğu xatırladılıb.

“2021-ci il iyunun 12-də Ermənistan Azərbaycana Ağdamda yerləşdirdiyi 97 min minanın xəritəsini verərkən “bu, mina xəritələrinin yalnız cüzi hissədir”,- deyə etiraf etmişdir. Bu humanitar problemin təcililiyini və ciddiliyini nəzərə alaraq, minatəmizləmə işlərini sürətləndirmək və digər günahsız insanların ölümünə  imkan verməmək üçün Ermənistan bütün mina xəritələrini verməlidir”, - deyə bəyanatda bildirilib. Sənədi imzalayan parlamentarilər Ermənistandan bütün mina xəritələrinin verilməsini tələb ediblər.  

Bəyanat Azərbaycan, Türkiyə, Bolqarıstan, Avstriya və İtaliya parlamentariləri tərəfindən imzalanıb.

AZƏRTAC