AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər
Siyasət

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər

Ölkəmizdə səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Bu barədə 5 iyun Milli Məclisin Mətbuat və ictiamiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni vandalizmi, minalanmış ərazilər barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğaldan sonra Ağdam şəhərində və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar.

AŞPA-nın həmməruzəçiləri sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarçılığının şahidi olublar. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı qərargahında olan qonaqlara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib.

“Respublika”.