ASTARADA BİR SİNFİN 17 MƏZUNU TƏLƏBƏ ADINI QAZANIB
Region

ASTARADA BİR SİNFİN 17 MƏZUNU TƏLƏBƏ ADINI QAZANIB

Sabir adına 1 nömrəli tam orta məktəb Astara rayonunun ən qabaqcıl və nümunəvi təhsil ocaqlarından biridir. Bu il məktəbin 36 məzunundan 33-ü respublikamızın ali və orta ixtisas məktəblərinə qəbul olunub.

Ali məktəb tələbəsi adını almış gənclərin 17-si iki il əvvəl yaradılmış humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü XI”a” sinfinin məzunlarıdır. Onlardan ikisi orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Məzunlardan 2 nəfər 600-dən, 2 nəfər 500-dən çox, 13 nəfər isə 300-400 baldan yuxarı nəticə ilə ölkəmizin nüfuzlu ali məktəblərinə daxil olublar.

Qəbul imtahanlarında Fatimə Dadaşova daha yüksək nəticə göstərərək 636 balla Azərbaycan Dövlət İqtisad Universitetinin, Mirnihad Məmmədli isə 621 balla Lənkəran Dövlət Universitetinin tələbəsi adını qazanıblar. Fatimə Dadaşova arzuladığı maliyyə ixtisası üzrə universitetə qəbul olunub. Doğma məktəbinin, sevimli müəllimlərinin və valideynlərinin etimadını doğruldacağını deyir.

Fatimə Rəhimova isə üçüncü ixtisas qrupu üzrə 543 bal toplayaraq Azərbaycan Dillər Universitetinin xarici dil müəllimi fakültəsinə qəbul olunub.  

XI “a” sinifinin rəhbəri Gülnar Məlikzadə sinifdə həmişə sağlam mühit, şagirdlər arasında sağlam rəqabət olduğunu bildirir. Onlar 100 faiz uğurlu nəticə göstərərək respublikanın müxtəlif ali təhsil ocaqlarına qəbul olunublar. Məzunlarımızın yüksək nəticələri müəllim-şagird-valideyn əlaqələrinin düzgün qurulmasının əyani nümunəsidir.

Məktəbin direktoru Xədicə Əliyeva belə yüksək göstəricini ölkəmizdə aparılan uğurlu təhsil siyasətinin nəticəsi kimi dəyərləndirir. Astarada 62 ümumtəhsil məktəbi vardır. Rayon üzrə ən yüksək bal toplayan iki məzun bizim məktəbin, bu sinfin yetirməsidir. Biri 636 bal, digəri isə 625 balla tələbə adına layiq görülüb. Bir sinfin bütün məzunlarının ali məktəbə qəbul olunması çox qürurverici hadisədir.

Ə.AĞAXANOĞLU,

“Respublika”.