Astaralı qazi Türkiyədə uzunmüddətli müalicədən sonra Vətənə qayıdıb
Region

Astaralı qazi Türkiyədə uzunmüddətli müalicədən sonra Vətənə qayıdıb

Samir Əliyevin 33 yaşı var. Astara rayonunun Suparibağ kəndində yaşayır. Ailəlidir, bir övlad atasıdır. 2019-cu ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət edib. Vətən müharibəsi başlayanda ordumuzun əks-hücum əməliyyatlarına ilkin qatılanlardan biri olub. Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa və digər rayonlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik, hünər göstərib.

Möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Silahlı Qüvvələrin hərbi qulluqçusu Samir Daşqın oğlu Əliyev "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Döyüş zamanı ölümcül yaralanan Samir ilkin tibbi yardımdan sonra Bakı şəhərində 2021-ci ilin mart ayına kimi müalicə olunub. Həkimlərin məsləhətinə əsasən müalicəsini davam etdirməkdən ötrü "YAŞAT" Fondunun xətti ilə Türkiyə Respublikasına göndərilib. Samir uzunmüddətli müalicədən sonra yenicə Vətənə qayıdıb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qazinin ailəsinə baş çəkib. Samirin səhhəti, ailə qayğıları ilə maraqlanıb. İcra başçısı söhbət zamanı bildirib ki, xalqımıza qələbə, zəfər sevinclərini yaşadan qəhrəman şəhidlərimiz, igid qazilərimiz müstəqil Azərbaycanın ən cəsur, mərd övladlarıdır. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günə düşməni ağır məğlubiyyətə uğratdı. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu möhtəşəm qələbə iqtidarla xalqın birliyi, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, əzmi, iradəsi sayəsində qazanılıb.

İcra başçısı qeyd edib ki, Samir Əliyev düşmənin uzun illər ərzində qurduğu müdafiə səddini yaran ilk döyüşçülərdən biridir, belə qəhrəman oğulların müharibədə göstərdiyi şücaət heç vaxt unudulmayacaq.

İgid döyüşçü Samir Əliyev keçdiyi döyüş yolundan, cəbhədə ağır yaralanmasından, qızğın döyüş zamanı həkimlərin onu həyata qaytarmaq üçün göstərdiyi fədakarlıqdan danışıb. Müvəqqəti Vətənə dönən Samir yaxın günlərdə müalicəsini davam etdirmək üçün yenidən Türkiyəyə gedəcəyini bildirib.

Sağlamlığından qətiyyən narahat olmadığını vurğulayan qazi torpaqlarımızın mənfur düşməndən azad edilməsində əməyi olduğuna görə hədsiz sevindiyini, misilsiz qələbənin memarı olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr etdiyini, qürur duyduğunu bildirib.

Samirin atası Daşqın Əliyev Vətənin müdafiəsinin hər bir oğulun müqəddəs vətəndaşlıq borcu olduğunu deyib, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısından razılığını ifadə edərək övladının uzunmüddətli müalicəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

İcra başçısı Qəzənfər Ağayev Vətən üçün ləyaqətli, igid oğul böyütdüyünə görə, Daşqın Əliyevə minnətdarlıq edib, cəsur döyüşçü Samirə tezliklə şəfa tapıb sağlam həyata qovuşmasını arzulayıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".