Asudə vaxtın təşkili diqqət mərkəzindədir
Region

Asudə vaxtın təşkili diqqət mərkəzindədir

Şirvan şəhərində əhalinin mədəni istirahətinin təşkilinə xüsusi diqqət yetirilir. Cəmisi bir il bundan əvvəl istifadəyə verilmiş Məhəmməd Füzuli adına Mədəniyyət və istirahət parkı şəhər sakinlərinə ən gözəl hədiyyə oldu. Yaxın gələcəkdə istirahət guşələrinin sayı artırılacaqdır. Bu günlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla şəhər sakinlərinin səyyar görüşündə bu barədə geniş fikir mübadiləsi aparıldı. 21 saylı orta məktəbdə keçirilən görüşdən öncə məktəbin foyesində vətənpərvərlik guşəsinə və şəhid Xudayar Yusifzadənin adının verildiyi məktəbəqədər hazırlıq qrupuna baxış oldu.

İcra başçısı əhalinin sosial rifah halının yüksəldilməsi sahəsində qəbul edilmiş qərarları və qarşıda duran vəzifələri diqqətə çatdırdı. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü bildirdi.

 Görüş iştirakçıları şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması kimi işləri yüksək qiymətləndirdilər. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək seçiciləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problemlərinə yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını qeyd etdi.

Sonra sakinlərin müraciət və problemləri dinlənildi.

                                      Tofiq HÜSEYN,

                                     “Respublika”.