Ata qisasını alan igid oğul
Region

Ata qisasını alan igid oğul

Vətəni canı bahasına qoruyan daha bir qəhrəmanımız haqqında danışacağıq. Vətən müharibəsi şəhidi Azərbaycan ordusunun giziri Emil Bahadur oğlu Əhmədov 26 noyabr 1983-cü ildə anadan olub. Yasamal rayonu 20 nömrəli orta məktəbdə təhsil alıb.

Həqiqi hərbi xidmətini Gəncədə yerləşən hərbi hissələrdən birində başa vurduqdan sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) tankçı peşəsi üzrə çavuş kursunda iştirak edib. Hərbi təhsilin ardınca üçillik müqavilə ilə çavuş kimi xidmət edib. Sonra isə nümunəvi xidmətinə görə müqaviləsi uzadılaraq TTM-də gizir kursuna göndərilib. Kursu bitirən gizir Emil Əhmədov tank komandiri təyin edilib. Emil 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuşdur.

Azərbaycan Ordusunun  giziri Emil Əhmədov Vətən müharibəsi  zamanı  Cəbrayılın, Füzulinin, Xocavəndin, Hadrutın və Zəngilanın  azadlığı uğrunda gedən döyüşlərə qatılıb.  Oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 Emilin atası Birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı şəhid olub. İgid oğul atasının qisasını alıb. Qəhrəman şəhid, tankçı-gizir  Emil Əhmədov həmçinin  xidməti illərində  "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90,95, 100 illiyi" yubiley medalları ilə təltif olunub.

Əslən Zəngilandan olan Emil Şanlı ordumuzun  Zəngilanı işğaldan azad edəndə ilk olaraq anasına zəng edib - "Ana, Vətəndəyəm!" deyib.

 Şəhidin anası Esmira Əhmədova : Həyat yoldaşım Bahadur Əhmədovla biz vətəndən kənarda yaşayırdıq. Bahadur Polşada hərbi xidmətdə ikən Birinci Qarabağ müharibəsi başlandı. Bahadur dedi: “Mən evə qayıtmalıyam!” İki övladımız vardı. Vətənə qayıtdıq. 1993-cü ildə Bahadur Zəngilan uğrunda gedən döyüşlərdə ağır yaralandı, sonra itkin düşdü. Onda Emilin 13 yaşı vardı. Uşaq hamının qabağında and içdi ki, atamın intiqamını alacağam. Orta məktəbi bitirdikdən sonra Emil başqa sənət sahəsində çalışsa da, sonra verdiyi vəd həyat yolunu dəyişdi. Emil mənim oğlum idi, indi xalqın oğludu. O, atasının simasında ataların, anasının simasında anaların intiqamını aldı. Ürəyimdə hər an onunla danışıram. Fəxr edirəm ki, vətənimiz uğrunda şəhidim var! Şəhid xanımı, şəhid anasıyam!

Bacısı Elnarə xanım: "O, hər an mənimlədir. Qürurluyam ki, şəhid bacısıyam".

Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Emil cəsurluğu ilə düşmənə meydan oxuyaraq, şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.                                                                    

                                                                            M.MİRZƏ,

                                                                         “Respublika”.