ATATÜRKÜN YAXIN SİLAHDAŞI
Tarixi şəxsiyyətlər

ATATÜRKÜN YAXIN SİLAHDAŞI

Milli, siyasi fikir tariximizdə adı fəxrlə, qürurla çəkilən şəxsiyyətlərdən biri olan Əhməd bəy Ağaoğlu 1869-cu ilin dekabr ayında Şuşa şəhərində dünyaya gəlib.

Qarabağın Qurdlar elindən olan atası Mirzə Həsən bəy varlı pambıqçı fermer olub. Şuşanın ən məşhur alimlərindən biri - babası Mirzə İbrahim isə gözəl xəttat olmaqla yanaşı, həm də türk dilində şeirlər yazarmış. Anası Təzə xanım Şuşanın Sarıcalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı olub. Pənahəli xanın nəslindən olan Əhməd bəy xatirələrində yazırdı ki, mükəmməl təhsil almasında anasının və əmisinin rolu böyük olub. Əmisi Mirzə Məmməd onun müctəhid olmasını istəsə də, anasının təşəbbüsü ilə o gizlincə rus dilində də dərslər alır. Məhz anasının sayəsində təhsil istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə doğru dəyişir. Şuşada Realnı məktəbdə VI sinfi bitirən Əhməd bəy təhsilini Tiflisdəki 1 saylı gimnaziyada davam etdirir. Gimnaziyada təhsil alan yeganə türk şagird isə Əhməd bəy idi. O, Tiflis gimnaziyasındakı təhsilini uğurla başa vuraraq Şuşaya qayıdır. 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa yola düşür. Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. O, burada dörd türk tələbə ilə tanış olur. Bunlardan biri sonralar Azərbaycanın Parisdə təmsilçisi olacaq Əlimərdan bəy Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Əhməd bəy Ağaoğlu bütün imtahanları uğurla verir. Ancaq sonuncu riyaziyyat imtahanında müəllimi onu yəhudi bilərək düzgün cavabını qəbul etməmiş və Ağaoğlu bu hadisədən çox üzülmüşdü. Qarşılaşdığı haqsızlıqla barışa bilməyən Əhməd bəy Ağaoğlu 1888-ci il yanvar ayının 8-də Peterburqdan Parisə gəlir və Sorbonna Universitetində hüquq təhsili almağa başlayır. 1891-1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" başlıqlı silsilə yazıları çap olunur.

1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə qayıdaraq yerli gimnaziyaların birində iki il fransız dilindən dərs deyir. Eyni zamanda, "Kavkaz" qəzeti ilə də əməkdaşlıq edir. 1896-cı ildə Şuşaya, doğma şəhərinə geri dönür. Şuşa Realnı məktəbində fransız dilindən dərs deyir. Burada ilk kitabxana, qiraətxana açır. Bu səbəbdən də el arasında ona Firəng Əhməd ləqəbi verilir. Əhməd bəy Ağaoğlu fikirlərini dolğun şəkildə ifadə etmək üçün qəzet çapını çox önəmli hesab edirdi. 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Qafqaz Senzura Komitəsi tərəfindən azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyulur. Lakin həmin dövrdə çar Rusiyası ərazisində erməni və gürcü dilində 19 qəzet fəaliyyət göstərirdi. Yalnız 1896-cı ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev şəxsi təşəbbüsü ilə "Kaspi" qəzetini alıb, Azərbaycan ziyalılarının öhdəsinə verir. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspi" qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəlir. Bu qəzet Əhməd bəyin həyatında böyük rol oynayır. Yazdığı məqalələrdə əsasən müsəlman cəmiyyətindəki problemlərə, cəmiyyətdə qadınların üzləşdiyi çətinliklərə toxunur. Eyni zamanda, Əhməd bəy məqalələrində milli qurtuluşa gedən yolun mədəniyyətin və təhsilin inkişafından keçdiyini bildirirdi. O, "İslam dünyasında qadın" məqaləsində "azad qadınsız inkişaf ola bilməz" yazırdı. Böyük ziyalının bu çıxışları əlbəttə ki, din xadimləri, mollalar tərəfindən kəskin etirazlara səbəb olurdu. Bir müddət sonra isə Ağaoğlu haqqında ölüm fətvası verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır, evini isə polislər mühafizə edir. Ə.Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə də redaktorluq edən Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakı Şəhər Dumasının üzvü seçilir. Həmin il mart ayının 15-də Azərbaycan ziyalıları xalqın tələb və təkliflərini Peterburqa çatdırmaq üçün nümayəndə heyəti formalaşdırırlar. Həmin nümayəndə heyətinə Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə daxil idilər. Peterburqda Əhməd bəy 1905-ci il hadisələri ilə bağlı "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqalə dərc etdirir. 1905-ci il aprel ayının 16-da Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşovun imzaları ilə Qafqaz canişininə məktub göndərilir. Məktubda ziyalılar Azərbaycan dilində "Həyat" qəzetinin çap olunmasına icazə istəyirdilər. "Həyat" qəzetindən sonra, Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "İrşad" qəzetini təsis edir.

1905-ci ildə Qafqaz canişini təyin edilən İllarion Vorontsov ermənilərə dəstək verməyə başlayır. Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək məqsədilə sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsi təklif olunur. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların gərgin əməyi sayəsində Bakı kəndlərinin köçürülməsinin qarşısı alınır.

1906-cı ilin avqustunda Şuşaya gələn Əhməd bəy çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurur. Çar hökuməti tərəfindən təqiblərə məruz qalan Əhməd bəy həbs olunmamaq üçün bir müddət yaxın dostlarının evində yaşayır. 1908-ci ilin sonlarında isə İstanbula köçür.

Əhməd bəy Ağaoğlu Türk Ocağı milli hərəkatının aparıcı siması olaraq bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. İstanbul Universitetində türk-monqol tarixindən və rus dilindən dərs deyir. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olur. Türkiyədə işlərini qaydasına salan Əhməd bəy həyat yoldaşı Sitarə xanımı da Türkiyəyə gəlməyə razı salır. İstanbulda yaşadığı müddət ərzində jurnalistik fəaliyyətini davam etdirmiş, 1909-cu ildən "Kaspi" qəzetində "Türkiyədən məktublar", "Türkiyədə milli sual" mövzusunda silsilə məqalələr çap etdirmişdir.

O, həmçinin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 1918-ci il 26 dekabr tarixində Ağaoğlu bitərəf nümayəndə kimi Zəngəzur qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvü seçilir. 1918-ci il dekabrın 28-də Cümhuriyyət tərəfindən Paris Sülh Konfransında iştirak etmək üçün göndərilən nümayəndə heyətinin tərkibində Əhməd bəy Ağaoğlu da olmuşdur. Lakin İstanbula çatanda İttihad və Tərəqqi Partiyasının digər rəhbərləri ilə birgə İngilislər tərəfindən həbs edilərək Malta adasına sürgün edilmişdir.

Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyət milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra isə Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur. O, 1933-cü ildə Türkiyə cəmiyyətində liberal dəyərləri təbliğ etmək üçün "Akın" qəzetini təsis etmişdir.

Ömrünün son günlərində Əhməd bəy Ağaoğlu yataq xəstəsi olur. Ürək çatışmazlığı və qaraciyər iltihabından əziyyət çəkən böyük ziyalı 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişir. Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".