Avropa İttifaqı Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətini dəstəkləyir
Siyasət

Avropa İttifaqı Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətini dəstəkləyir

ANAMA-da minadan zərərçəkənlərə Avropa İttifaqının mümkün humanitar maliyyə yardımı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalkonun müşayiət etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə işğaldan azad edilmiş ərazilərdə Agentliyin həyata keçirdiyi humanitar minatəmizləmə əməliyyatları, qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış layihələr, eləcə də minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində icra edilən təlimlər barədə məlumat verilib.

Səfir Petr Mixalko Avropa İttifaqının Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətini hər zaman dəstəklədiyini və Agentliyin işini yüksək qiymətləndirdiyini deyib.

Söhbət zamanı minatəmizləmə fəaliyyəti, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, eləcə də minadan zərərçəkənlərə yardım üzrə Avropa İttifaqının mümkün humanitar maliyyə yardımı və bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC