Avropa İttifaqı regionda uzunmüddətli və davamlı sülhü dəstəkləyir
Siyasət

Avropa İttifaqı regionda uzunmüddətli və davamlı sülhü dəstəkləyir

Dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu bütün danışıqlarda Azərbaycanın üstün mövqelərdən çıxış etməsini təmin edir. Azərbaycanda güclü əsaslara malik iqtisadi sistem qurulub ki, bu da qüdrətli dövlət quruculuğu, beynəlxalq arenada diplomatik nüfuzun təmin edilməsi istiqamətində ən mühüm komponentlərdən biridir. Ölkəmizin malik olduğu imkanlar, uğurlu xarici siyasətin həyata keçirilməsi, böyük beynəlxalq nüfuzun qazanılması Vətən müharibəsinin tarixi Zəfərimizlə ən qısa müddətdə yekunlaşmasında əsas amillərdən oldu.

Cənab İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ötən ilin dekabr ayında Brüsselə səfəri və orada keçirdiyi görüşlər, mətbuat konfransında səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verirdi ki, istər beynəlxalq birlik, istərsə də Ermənistanın siyasi rəhbərliyi getdikcə postmüharibə dövrünün reallıqlarını daha düzgün qiymətləndirməyə başlayır. Həmin səfər çərçivəsində dekabrın 14-də Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli, daha sonra isə Ermənistan siyasi lideri ilə ikitərəfli görüş keçirmişdi. Bu, postmüharibə dönəmində ikitərəfli formatda keçirilən ilk görüş idi. Bu təmaslar çərçivəsində müharibədən sonrakı dövrlə bağlı geniş müzakirələr aparılmışdı və həllini gözləyən xüsusilə iki mühüm məsələ - Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ekspert qrupunun yaradılması və Azərbaycanın böyük hissəsini Naxçıvanla birləşdirəcək kommunikasiya dəhlizlərinin açılması müzakirə mövzularından idi. Bu baxımdan Brüssel görüşü əslində 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarına sadiqliyi nümayiş etdirən mühüm addım kimi dəyərləndirilirdi.

Brüssel görüşünün yekun sənədi olaraq qəbul edilmiş Bəyanat da Azərbaycanın milli maraqlarına cavab verirdi. Burada ilk növbədə dövlətlərin ərazi bütövlüyü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, onlar arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına dəstək ifadə olunmuşdu. Heç bir halda, status məsələsi və "Dağlıq Qarabağ" ifadəsi danışıqların predmeti olmamış və yekun sənədə bu haqda heç bir bənd salınmamışdı.

Cari ilin 6 aprel tarixində isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə yenidən Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikinci görüş keçirilmişdir. Görüş çərçivəsində mühüm razılaşmalar əldə edilmişdir. Bu razılaşmalar da Azərbaycanın milli maraqlarına tam cavab verirdi və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mühüm diplomatik uğuru kimi dəyərləndirilmişdir.

Əldə olunmuş ortaq mövqeyə görə, hər iki ölkənin xarici işlər nazirləri sülh sazişinin layihəsini hazırlamaq istiqamətində əməli fəaliyyətə başlamaq tapşırığı almışlar. Sülh sazişinin layihəsinin tərtibində Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsas götürülmüşdür. Deməli, Nikol Paşinyan həmin baza prinsiplərindən irəli gələrək, yəni Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək, ölkəmizə qarşı ərazi iddialarından əl çəkmək, təhlükəsizliyə təhdid yaratmamaq, sərhədləri müəyyən etmək və nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etmək, Zəngəzur dəhlizini işə salmaq kimi məsələlərə loyal münasibət bildirdiyini dilə gətirmiş, onların qəbuledilən olduğunu vurğulamışdır.

Qarşılıqlı razılaşmaya əsasən, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyası yaradılmalı və ilk növbədə sərhədlərin delimitasiyası prosesinə başlanılmalı idi. Avropa İttifaqı mina təmizlənməsi, girovların və itkinlərin geri qaytarılması məsələlərində də ekspert və maliyyə dəstəyi ayırmağa hazır olduğunu bəyan etmişdi.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Moskvada və Soçidə olduğu kimi, Brüsseldə də artıq ikinci dəfə idi ki, postmüharibə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsi istiqamətində milli maraqları ləyaqətlə müdafiə etmiş, Brüssel sülh gündəliyini formalaşdırmağa nail ola bilmişdir.

Brüssel şəhərində mayın 22-si baş tutmuş üçüncü üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında həmin tarixə qədər aparılmış sülh danışıqlarının yeni mərhələsi kimi qiymətləndirilirdi. Həmin görüşdə diqqətçəkən başlıca məqam bundan ibarət idi ki, Ermənistanın baş naziri tərəfindən Azərbaycanın irəli sürdüyü 5 baza prinispi çərçivəsində sülh danışıqları qəbul edilmiş və aparılan danışıqlardakı irəliləyişlər məhz bu baza prinsipləri üzərində mümkün olmuşdu. Qarşı tərəfin bütün səylərinə baxmayaraq, heç bir status məsələsi əvvəlki görüşlərdə də olduğu kimi yenə gündəlikdə deyildi. Ermənilərin tez-tez istifadə etməyə cəhd göstərdikləri, lakin cənab İlham Əliyevin diplomatik leksikondan qətiyyətlə uzaqlaşdırdığı heç bir ifadəyə rast gəlinmədi. Sirr deyil ki, sülh prosesinin sürətləndirilməsi üçün, hər şeydən əvvəl, sərhədlərin qarşılıqlı surətdə tanınması və delimitasiya prosesinin başa çatdırılması çox vacibdir. Tam əminliklə deyə bilərik ki, Brüssel danışıqlarının 3-cü görüşü də müzakirə olunan məsələlər və əldə olunan nəticələr baxımından çox məhsuldar və Azərbaycanın milli maraqlarına tam cavab verəcək səviyyədə idi.

Nəhayət, dünən - 31 avqust 2022-ci il

 tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sayca dördüncü görüşü keçirilmişdir. Əvvəlki üç görüşdə də olduğu kimi, budəfəki danışıqlarda da erməni tərəfi müəyyən qədər müqavimət göstərməyə, real nəticələrinin əldə olunmasına maneçilik törətməyə cəhd göstərmişdir. Lakin buna baxmayaraq, dünən Brüsseldə Prezident cənab İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edə bildi.

Xüsusilə vurğulamaq lazımdır ki, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzərində işə başlamaq məqsədilə müvafiq qrupların yaradılması haqqında razılıq əldə edilmişdir. Eyni zamanda, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezident Şarl Mişelin mətbuata verdiyi bəyanatda Qarabağ mövzusu yer almır. Eyni zamanda, burada ATƏT-in Minsk qrupuna hər hansı istinadlar yenə də yoxdur. Bu isə artıq əminliklə deməyə əsas verir ki, bu format məhv oldu. Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı Avropa İttifaqının vasitəçilik formatının mövcudluğunu görürük, lakin Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu üçün müzakirəsinə rast gəlinmir.

Ümumiyyətlə, bəyanatda sülh razılaşması, himanitar məsələlər, sərhəd məsələləri və kommunikasiya bölməsi yer alır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığın əldə olunması xüsusilə vurğulanır. Mina təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələrin aparıldığı qeyd olunur. Sərhədlərin delimitasiyasına dair bütün məsələlərin nəzərdən keçirilməsi, bu ilin noyabr ayında isə Brüsseldə Sərhəd Komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı razılığın əldə olunması göstərilir. Bəyanatda o da qeyd olunur ki, Avropa İttifaqı uzunmüddətli və davamlı sülhün əldə edilməsi məqsədilə öz dəstəyini bundan sonra da göstərmək əzmindədir. Ədalət naminə deməliyik ki, Avropa İttifaqı tərəfindən sərgilənən konstruktiv mövqe təqdirəlayiqdir və burada Şarl Mişelin şəxsi rolu xüsusilə qeyd edilməlidir.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hazırda qüdrətli orduya, güclü iqtisadiyyata, beynəlxalq arenada önəmli mövqeyə malik, müstəqil xarici siyasət aparan qalib dövlət kimi heç zaman olmadığı qədər tarixi nailiyyətlərinin fərəhli səhifələrini yazmaqdadır. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır.

Emin QASIMOV,

"Respublika".