Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə ANAMA-da görüş keçirilib
Digər xəbərlər

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə ANAMA-da görüş keçirilib

İşğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinə Avropa İttifaqının mümkün dəstəyinin ayrılması və bu sahədə gələcək əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Bu məsələlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanovun Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə işğaldan azad edilən ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları, prioritetlərə əsasən planlaşdırılan layihələr, Agentliyin maddi-texniki bazasının gücləndirilməsi və heyətinin artırılması sahəsində görülən işlər, eləcə də mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat təqdim olunub.

Vüqar Süleymanov müzakirə olunan məsələlərlə bağlı Avropa İttifaqı ilə faydalı əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

AZƏRTAC