Avropa Parlamentindən böhtan və yalanlarla dolu qətnamə
Siyasət

Avropa Parlamentindən böhtan və yalanlarla dolu qətnamə

Avropa Parlamentinin (AP) 18 yanvar tarixində qəbul edilmiş qətnaməsində qərzli və əsassız anti-Azərbaycan fikirləri yer alıb və bu tamamilə böhtan və yalanlarla dolu qətnamə Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurub. Avropa parlamentariləri əsassız olaraq, qəsdən belə qənaətə gəliblər ki, Azərbaycan guya Ermənistana hərbi təcavüz edib, Laçın yolu guya "blokada" olunub. Bu azmış kimi, qətnamədə artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri"nə istinadlar edilib. Bu qədər böyük yalan və iftiranın qətnamədə yer alması, sadəcə, təəssüf doğurur.

Avropa Parlamenti kimi bir qurumun belə yalan və uydurmalarla dolu qətnamə qəbul etməsi bir daha bu qurumun qeyri-ciddiliyini, qərəzliliyini və ermənilərin əlində alətə çevrildiyini göstərir. Əlbəttə ki, bu qərəzli və uydurma qətnamənin təşəbbüskarları ermənipərəst Avropa parlamentariləridir. Onlar öz şəxsi maraqları naminə beynəlxalq hüququ və qanunları ayaqlar altına atıblar. AP-nin anti-Azərbaycan vərdişləri artıq instinktivdir, heç bir sağlam məntiqə, siyasi etikaya və diplomatik prinsiplərə söykənmir. Bu dəfə də AP özünün eybəcər xüsusiyyətlərini nümayiş etdirib, qətnamədə Laçın yolunun "blokada"da olmasından bəhs olunur. Qətnamənin tezisləri Qarabağ münaqişəsi zamanı tənzimləmə mexanizmi kimi ortaya qoyulan toz basmış sənədlərə istinadları canlandırmaq cəhdidir. Avropa parlamentarilərinə xatırladırıq ki, artıq Qarabağ münaqişəsi yoxdur, Azərbaycan hərb yolu ilə bunu həll edib, açıq qalan məsələlərin həlli isə konflikt prinsipləri ilə üst-üstə düşmür. Sırf Ermənistana qahmar çıxmaq niyyəti hansı siyasi vicdana və etik kodeksə söykənir? Ermənistanın tarix boyu Azərbaycana qarşı etdikləri, soyqırımı və etnik təmizləmə siyasətini cürbəcür yalanlarla ört-basdır edən siyasətçilər indi hansı blokadadan danışırlar?

Qətnamədə qeyd olunur ki, Qarabağdakı humanitar vəziyyəti qiymətləndirmək üçün BMT və ya ATƏT-in faktaraşdırıcı missiyası Laçın yoluna göndərilsin. Bu, Ermənistanın revanşizm cəhdlərini alovlandırmaq üçün vaxt qazanmaq siyasətinə dəstəkdir. Qətnamədə utanmadan Helsinki Yekun Aktına istinad olunur, bu da, sadəcə olaraq, birtərəfli və qərəzli yanaşmanın təzahürüdür. Azərbaycan dövləti Qarabağdakı ermənilərə öz vətəndaşı kimi baxdığını bəyan edib və bunu vahid proqram halına salmaq üçün işlər görür. Azərbaycan Qarabağ mövzusunu daxili təhlükəsizlik işi müstəvisinə gətirib, bundan narahatlıq keçirmək isə yalnız hədyanlardan xəbər verir. Bütün bunları görməyən və ya görmək istəməyən Avropa Parlamenti bəhanələr kodeksini şişirdərək hücuma keçməyə çalışır. Amma bu həmlələrin sənədlər kağız parçasından o yana bir dəyər qazanmır.

Avropa Parlamenti elə ədalətli təşkilatdırsa, 30 il ərzində Azərbaycan əraziləri erməni işğalı altında qalanda bir dəfə səsini çıxarardı. Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamentinin bəs Azərbaycanın ərazi bütövlüyü niyə yadına düşmür? Ümumilikdə, beynəlxalq qanunları nəzərə alsaq, Azərbaycanla bağlı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Buna görə də bu qətnamənin qəbulu yersizdir və suveren bir dövlətin daxili işlərinə müdaxilədir. Bu qərəzli qətnamə erməni diasporunun və lobbisinin təsirinin nəticəsidir. Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Bu qurumun üzvlərinin nə ilə məşğul olduqları hamımıza çox yaxşı məlumdur. Yunanıstandan olan vitse-prezident Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gələn Avropa Parlamenti irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınır.

 Xatırladaq ki, ötən il dekabrın 11-də Brüsseldə 44 yaşlı Eva Kailiyə qarşı korrupsiya ittihamı irəli sürülüb. Belçika polisi Dünya Çempionatına ev sahibliyi edən Qətər üçün işləyən şəxslərin Brüsseldəki siyasi müzakirələrə təsir etmək məqsədilə avropalı siyasətçilərə külli miqdarda rüşvət verməklə bağlı iddiaları araşdırıb. Qətərdə həyata keçirilən son əmək islahatlarını açıq şəkildə dəstəkləyən Kaili, Belçika müstəntiqlərinin onun evində "pul kisələri" tapmasından sonra ittiham olunan və həbs edilən dörd şübhəlidən biridir. Eva Kaili parlamentin vitse-prezidenti vəzifəsindən, həmçinin parlamentin prezidenti Roberta Metsolanı Yaxın Şərqdə təmsil etmək vəzifəsindən məhrum edilib. Korrupsiya girdabında boğulan, Ermənistanın və erməni lobbisinin "konyak diplomatyası"ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət" verməyə mənəvi haqqı yoxdur. XXI əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması biabırçı haldır. Avropa Parlamenti regionda müsbət proseslərin, sülhün deyil, problemlərin tərkib hissəsidir. Avropa Parlamenti belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüzminlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi, sərvətllərimizin talan edildiyi otuz il ərzində bu qurum səsini çıxarmamışdı. Avropa Parlamenti bu cür qərəzli və əsassız qətnamələri ilə regionda sülh prosesinə zərbə vurur. 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə Azərbaycan regionda yeni reallıq yaradıb və bu yeni reallıq sülhü, əməkdaşlığı və əmin-amanlığı tərənnüm edir. Avropa Parlamenti isə regionda müsbət proseslərin, sülhün deyil, problemlərin tərkib hissəsidir və bu cür qərəzli hərəkətləri ilə sülh prosesinə mane olur. Avropa Parlamentinin bu qətnaməsi boş bir kağız parçasıdır.

Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər düşmənlərimizi və onların xarici havadarlarını yasa qərq edib. Buna görə də hər fürsətdə Azərbaycana qarşı addıma, müxtəlif çirkin vasitələrə əl atırlar. Avropa Parlamentinin 18 yanvar tarixində qəbul edilmiş qətnaməsi də buna daha bir sübutdur. 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması Avropa Parlamentinin yadına niyə düşmür? Azərbaycanı "qoşunlarını Ermənistan ərazisindən çıxarmağa" çağıran Avropa Parlamenti niyə Ermənistanı öz ordusunu Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən geri çəkməyə çağırmır? Bu sualların sayını çoxaltmaq olar. Lakin elə bunlar da Avropa Parlamentinin kimə və nəyə xidmət etdiyi barədə aydın təsəvvür yaradır.

Mustafa KAMAL,

"Respublika".