“Avropa siyasi birliyi
Siyasət

“Avropa siyasi birliyi" Zirvə Toplantısına dəvət ölkəmizin artan nüfuzunun göstəricisidir

Məlum olduğu kimi, oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısının açılış plenar iclası keçirilmişdir. Avropa ölkələri arasında ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək məqsədilə yaradılan  siyasi əlaqələndirmə platforması olan "Avropa siyasi birliyi" Zirvə Toplantısında  44 ölkənin dövlət və hökumət başçıları iştirak etmişlər.

"Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev   Zirvə Toplantısı çərçivəsində keçirilən "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda dəyirmi masada iştirak etmişdir. Ölkə başçımız Ermənistanın 30 il ərzində  Azərbaycanın ərazi bütövlüyünü pozaraq 20 faizdən artıq torpaqlarını işğal etməsinə, şəhər və kəndlərini dağıtmasına, vətəndaşlarını doğma yurdlarından didərgin salmasına baxmayaraq, düşmən ölkəyə 5 baza prinsipi əsasında sülh təklif etdiyini diqqətə çatdırmış və  sülh müqaviləsinin  tez bir zamanda imzalanmasının vacibliyini qeyd etmişdir. Azərbaycanın dövlət başçısı Ermənistan ilə Azərbaycan arasında sülhün yaranmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüskarlığını xüsusi olaraq vurğulamış, həmçinin iki ölkə arasında münasibətlərin normallaşması nəticəsində Türkiyə ilə Ermənistan  münasibətlərinin də normallaşacağını və bunun fonunda bütün regionda sülhün, təhlükəsizliyin təmin olunacağını  bildirmişdir. Azərbaycan Prezidenti regionda enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi, eyni zamanda sülhün, sabitliyin təmin olunması baxımından  Azərbaycan-Gürcüstan-Ermənistandan ibarət  üçlü formatda vahid müzakirə platformasının yaradılmasının  da vacibliyini  vurğulamışdır. Dövlət başçımız çıxışı zamanı  beynəlxalq hüququn norma və prinsipləri əsasında  ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmanı  xüsusi olaraq diqqətə çatdırmışdır.

"Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev  Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə yenidən görüşmüşdür. Avropa İttifaqının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə baş tutan dördtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan havadarı olan Fransa Prezidenti Emmanuel Makrona güvənərək bu yaxınlarda sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstəriləcəyini güman edirdi. Lakin hər zaman olduğu kimi, Praqa görüşündə də Azərbaycan Prezidentinin qətiyyəti, prinsipiallığı  nəticəsində bu, baş vermədi və iki hissədən ibarət olan görüşdə  ölkəmizə qarşı hər hansı bir formada təzyiq cəhdi olmadı. Dördtərəfli görüş zamanı Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaratmaq və bundan istifadə edərək  regiona daxil olmaq niyyətləri olsa da, Azərbaycan hökumətinin qəti etirazı nəticəsində  bu missiyanın yalnız Ermənistan ərazisində olacağı müəyyən edildi. Azərbaycan isə öz maraqlarına uyğun olaraq missiya ilə əməkdaşlıq edərək sərhədlərin delimitasiyasına töhfə verəcəkdir. Ermənistanın bu sərhəd missiyasına razılıq verməsi isə  bir daha onun suveren dövlət olmadığını nümayiş etdirdi. Beləliklə, iki hissədən ibarət olaraq keçirilən görüşdə Azərbaycan dövlətinin maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu.

Görüşün sonunda  qəbul edilmiş bəyanatda  Azərbaycan və Ermənistan tərəfindən ölkələrin ərazi bütövlüyü və suverenliyi tanındı və  bu mövzuda BMT nizamnaməsi əsas sənəd olaraq götürüldü. Beləliklə, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha öz təsdiqini tapmış oldu. Eyni zamanda, Ermənistan suverenliyini tanımaqla Azərbaycanın Qarabağ üzərində hakimiyyətini  də tanıdı. Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı  məsələnin olmaması isə bunun 2020-ci il 10 noyabr Bəyanatı ilə tənzimləndiyini və reallaşması üçün  işlərin davam etdiyini göstərir. Bu isə o deməkdir ki, Azərbaycan bütün imkanlarından istifadə edərək Ermənistanı öz öhdəliklərinin icrasına  məcbur edir.

Həmçinin sərhədlərin delimitasiyası üzrə iki ölkənin xarici işlər nazirlərinin ikinci  görüşünün tezliklə keçirilməsi və  bundan sonra sülh müqaviləsinin mətninin hazırlanmasının vacibliyi qeyd edildi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının baş naziri Petr Fialanın dəvəti ilə "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün beynəlxalq səviyyəli görüşlərində olduğu kimi, Praqa görüşündə də İkinci Qarabağ müharibəsindən iki il ötməsinə baxmayaraq, erməni terrorunun davam etdiyinə və  Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu təxribat əməlləri ilə regionda sülhün, əmin-amanlığın bərqərar olmasına mane olduğuna  diqqət çəkmişdir. Prezident İkinci Qarabağ müharibəsindən  sonra ermənilərin Azərbaycanla sərhəd zonalarına indiyədək ən azı 1400 mina basdırmaları nəticəsində 250-dən çox azərbaycanlının həlak olmasını və ya  ağır yaralanmasını düşmən ölkənin növbəti cinayəti adlandırmışdır. Dördtərəfli görüşdə ölkə başçımız həmçinin, Azərbaycan ərazisində hələ də  qanunsuz erməni silahlı birləşmələrinin olduğunu bildirmiş və buna son qoyulmasını tələb etmişdir.

Oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti  sülh müqaviləsinin Ermənistanın xoş məramı olarsa ilin sonuna qədər imzalanmasının mümkünlüyünü  və  dördtərəfli görüşdə  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  və Fransa Prezidenti Emmanuel Makronun da sülh müqaviləsi üzrə beş prinsipi qəbul etdiklərini bildirmişdir. Azərbaycan Prezidenti demişdir: "Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq".

Dövlət başçımız  Praqa görüşündə  Azərbaycanın  avtomobil yolu üçün marşrut  müraciətinə Ermənistanın həmişəki kimi cavab verməməsini qarşı tərəfin  2020-ci il noyabrın 10-da götürdüyü öhdəliyi yerinə yetirməməsi kimi qiymətləndirmiş və bu məsələlərin Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə  təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcəyinə əminliyini ifadə etmişdir.

Zirvə Toplantısında  44 ölkəni təmsil edən dövlət və hökumət başçıları  sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələləri istiqamətində ətraflı fikir mübadiləsi aparmışlar.

Mehparə ƏLİYEVA,

"Respublika".