Avropa Yenidənqurma və İnkişaf Bankının işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub
İQTİSADİYYAT

Avropa Yenidənqurma və İnkişaf Bankının işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansenlə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla EBRD arasında əməkdaşlığın yüksək səviyyədə olduğu, ölkəmizin bankla əlaqələrin inkişafına önəm verdiyi qeyd edilib. Beynəlxalq maliyyə institutları, o cümlədən EBRD ilə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin, müasir texnologiya və yeniliklərin ölkəmizdə tətbiqı xüsusilə əhəmiyyətlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafı prioritetləri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində Azərbaycan İnvestisiya Holdinqi, Sahibkarlığın İnkişafı Fondu və  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə AYİB arasında əməkdaşlıq imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri bildirib ki, EBRD ilə müxtəlif sahələr, xüsusilə dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat” və bərpaolunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialı böyükdür.

EBRD-nin Qafqaz üzrə regional direktoru bankın Azərbaycanla səmərəli və uzunmüddətli əməkdaşlığını qeyd edib, ölkəmizin iqtisadi perspektivlərinin əlaqələrin inkişafına şərait yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-EBRD əməkdaşlığının genişləndirilməsi istiqamətləri, bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

AZƏRTAC